MALİYYƏ

Kripto pulları qadağan etmək mümkün deyil! - BİNANCE RƏSMİSİNİN MÜSAHİBƏSİ 

Kripto pullara Azərbaycandan yatırım edənlər az deyil. ABŞ-ın təhlükəsizlik qurumu SEC  tərəfindən Binance və Coinbase-in məhkəməyə verilməsi kripto birjaları çökdürsə də, mütəxəssislər qarşıda renesans gözləyir. Çünki blokçeyn texnologiyası, rəqəmsal pullar bugünün və gələcəyin trendidir.   

ENA.az oxucularına Binance Mərkəzi Avropa, Türkiyə və MDB üzrə Dövlət Orqanları ilə Əlaqələr üzrə direktoru Olqa Qonçarova ilə müsahibəni təqdim edir.  

- Əvvəlcə bilmək istərdik ki, siz özünüz rəqəmsal pullara yatırım etmisiniz?

- Maraqlı giriş etdiniz. Öz investisiyalarımın strukturunu sizə tam açıqlamasam da qeyd etməliyəm ki, əlbəttə rəqəmsal pullarım var. Bu sahədə işləyirəm, rəqəmsal pullar bazarını daim təhlil edirəm, təbii ki, investisiya qoymuşam.

- Binance və Coinbase ilə bağlı məhkəmə işləri dünyada ciddi rezonans doğurub. Bu məhkəmə iddialarında bazarı məhdudlaşdırmaq cəhdi görürsünüzmü?

- Bu, bizim üçün çox gözlənilməz oldu. Açığı, bu reaksiyaya təəccüblənirik. Çünki dövlətlərin təhlükəsizlik sistemləri və qurumları ilə işləyirik və indiyə qədər də bu əməkdaşlığımızda hər hansı bir problem olmayıb. Hesab edirik ki, onların bizə göndərdiyi bütün məsələlər üzrə sorğulara tam cavab vermişik. Hazırda müvafiq qurumlarla əməkdaşlığı davam etdiririk və hər bir dövlətin müvafiq tənzimləyici orqanlarına, onların funksiyalarına hörmətlə yanaşırıq. Biz dialoqa hazırıq, bütün sənədləri açıq şəkildə təqdim etmişik, hüquqi mövqeyimiz var və biz onu sonadək müdafiə edəcəyik.

Bir faktı deyim ki, bizə bütün dünya üzrə hüquq mühafizə orqanlarından ildə təxminən 7 min sorğu daxil olur. Blokçeyn texnologiyası şəffafdır, lakin çox mürəkkəbdir. Bu sistemdə baş verə biləcək hər hansı bir qanunsuzluğun araşdırılmasında hüquq-mühafizə orqanlarına kömək edirik. Biz sistemdəki prosesləri izləmək üçün milyardlarla dollar investisiya qoymuşuq.

- Kağız pulların gələcəkdə “yoxa çıxacağı” ilə bağlı İlon Maskın fikri çox maraqlı idi. Hazırda ABŞ ən böyük 2 kripto birjanı məhkəməyə verib. Binance isə 14 iyundan dollarla əməliyyatları dayandırdığını elan edib. Necə fikirləşirsiniz, indi kağız banknotlarla rəqəmsal pullar arasında “soyuq müharibə”nin getdiyini demək olarmı?

- Mən özüm ənənəvi bankçılıqdan  çıxmış bir mütəxəssisəm. 22 il müxtəlif banklarda çalışmışam. Fikrimcə, ənənəvi bankçılıq və kripto sistem eyni vaxtda qarşılıqlı şəkildə işləyə bilər. Və belə də olmalıdır. Kripto valyuta sistemi daha mütərəqqi blokçeyn texnologiyasına əsaslanır. O, ancaq ənənəvi maliyyə sisteminə yardım edə bilər. Mən burada ziddiyyət görmürəm və bunu “müharibə” adlandırmazdım. 

- Bilirik ki, Gürcüstan gəncləri blokçeyn texnologiyalarından istifadədə, kriptovalyuta bazarında çox aktivdirlər. Bəs, Azərbaycanda necə bu pullara investisiyalar nə qədər dəbdədir?

- Azərbaycanda kripto valyutaya münasibət “ölü nöqtədən tərpənib”. Ölkənizdə bu sahədə tənzimləmə olacaq və biz şadıq ki, rəqəmsal pul bazarı ilə bağlı baxışlar dəyişib. Tənzimləmə ona görə lazımdır ki, etibarlılıq səviyyəsi yüksəlsin və istifadəçilərin müdafiəsi təmin olunsun. Kripto birjalar tənzimlənməyən sahədə işləyirsə, bu zaman daha böyük risklər yaranır. Bu risklər daha çox insanların aldadılması, şübhəli əməliyyatlarla bağlıdır. 2 il əvvəl Azərbaycanda kripto valyutalar haqqında danışmaq istəmirdilər, indi isə bizi forumlara  dəvət edirlər. Biz yeni bir trend görürük və tənzimləyici, bu sahənin tənzimlənməsi və inkişaf istiqamətləri ilə bağlı əməkdaşlıqda maraqlıdır. Bu, həqiqətən də çox vacibdir. Başqa ölkələrə gəldikdə deyə bilərik ki, Gürcüstan, Qazaxıstan, Özbəkistan və ümumiyyətlə, MDB ölkələrinin əksəriyyətində tənzimləyici normalar mövcuddur. Hesab edirik ki, ağıllı tənzimləmə həmişə sadə qadağadan daha yaxşıdır!

Blokçeyn texnologiyasını qadağan etmək mümkün deyil, çünki vətəndaşlar bu texnologiyadan istifadə edirlər və istifadə etmək üçün başqa yollar axtarıb tapırlar. Bu isə əhalinin hansı əməliyyatlar apardığı, hansı təhlükələrə, risklərə məruz qaldığı barədə məlumatsızlığa gətirib çıxarır. Belə çıxır ki, biz vətəndaşlarımızı şübhəli xidmətlərdən istifadə etməyə sövq edirik.  

Azərbaycanın blokçeyn texnologiyalardan istifadə ilə bağlı böyük gələcəyi var və əhalinin texnoloji və maliyyə biliklərinin artmasının da bu inkişafda rolu böyükdür.

- Hər gün bazara yüzlərlə yeni alt coinlər çıxır. Onların dayanıqlığını seçmək üçün hansı amillərə diqqət yetirmək lazımdır?

- Biz həmişə hər bir istifadəçinin özü üçün təhlil aparmasını tövsiyə edirik. Çünki maliyyə savadlılığı, rəqəmsal savadlılıq və kripto bazarla bağlı məlumatsızlıq görürük. Bu, bütün ölkələrdə var. Maliyyə savadı olmayan şəxslərin bitkoin almaq istəyini gördükdə, trenerimizin sözünü xatırlayıram: “Niyə bitkoin alırsan, axı sən bitkoinin nə olduğunu bilmirsən!”

Razıyam, hamı asan pul qazanmaq istəyir. Ancaq unutmaq olmaz ki, pulsuz pendir yalnız tələdə olur. Özünüz üçün hədəflər qoymalısınız, kriptovalyutanı niyə alırsınız - əgər investisiya məqsədlidirsə, demək buradakı riskləri də nəzərə almalısınız. Qeyd edim ki, kriptovalyutalarla pul köçürmələrini həyata keçirmək daha asandır, nəinki ənənəvi üsullarla.

- Koinlərin arasında Mərkəzi Banklara bağlı olan rəqəmsal pullar varmı və bunlar hansılardır?

Stabil kriptovalyutalar var və bunlar qiymətli kağızlara bağlıdır. ABŞ dolları ilə dəstəklənən: USDT, USDC, BUSD (Binance USD), avro ilə dəstəklənən EUROC (Circle), EURS koinləri var. Yəni, dollar pul hesablarında saxlanılır və bu vəsaitlərin auditi aparılır. Onun faizi valyutanın baza faizindən fərqlənmir, yəni volatil, dəyişkən deyil.  

- Stabil koinlər bazarda inhisarçılıq yaratmırmı?

-Stabil koinlər, volatil deyil, ona görə də onu bazarda köçürmələrdə rahat istifadə edirlər. Blokçeyn texnologiyasındadır və əslində ənənəvi bank sektoruna böyük təsir edə bilir, çünki bank xidməti kanallarına alternativdir. Amma qeyd edim ki, tranzaksiyaların həcmi elə də böyük deyil və Dünya Maliyyə Sabitliyinin son hesabatına görə, prinsipcə hələki kriptovalyuta bazarı ənənəvi bank industriyası üçün risk yaratmır.     

- Rəqəmsal pulların gələcəyini necə görürsünüz?

Hazırda bazar tənəzzül dövrünü yaşayır. Əgər 2 il əvvəl bazarın həcmi 3 trilyondan yüksək idisə, indi 1 trilyona düşüb. Biz geriyə renesans gözləyirik. Blokçeyn bizim gündəlik həyatımızda var və bu yalnız kriptovalyuta bazarı üçün deyil, müxtəlif dataların saxlanması və işlənməsi üçün ən mütərəqqi texnologiyadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department