“Azərkosmos”un gəlirləri azalıb
2023-cü ilin yanvar-aprel aylarında “Azərkosmos” 42 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. ENA.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, peyklərin kommersiya istismarından 6,2 milyon dollar məbləğində gəlir əldə edib. Bu 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 27,1% azdır.
Bu dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya ($1,7 milyon), Lüksemburq ($1,4 milyon), Pakistan ($291,3 min), BƏƏ ($595,9 min) və Almaniya ($339,8 min) qərarlaşıb.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib.
“Azərkosmos” ASC 2022-ci ildə peyklərin kommersiya istismarından 26,6 milyon dollar məbləğində gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 41,3% azdır.
Xatırladaq ki, "Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.