MALİYYƏ

"Heydər Əliyev sammitin bütün sənədlərinə veto qoymaq qərarına gəldi. ATƏT-in rəsmiləri və 53 dövlətin başçıları şoka düşdülər"

Milli təəssübkeşliklə cəsarətli siyasəti uzlaşdıran dövlət xadimi..

Müstəqil Azərbaycanın ilk baş naziri olmuş Həsən Həsənovun ümummilli lider Heydər Əliyevlə bağlı xatirələri

-    Həsən müəllim, müstəqil Azərbaycanın ilk Baş naziri və ümummilli lider Heydər Əliyevin dövründə ilk Xarici İşlər naziri olmusunuz. Həmin dövrlər yadımızdadır ki, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi böyük təhdidlərlə üz-üzə idi. Ümummilli liderin apardığı uzaqgörən siyasət ölkəmizi qarşılaşdığı ağır böhranlardan xilas etdi. İlk növbədə Ermənistanla atəşkəs təmin edildi, daha sonra isə Azərbaycanın dövlət kimi inkişafını təmin etmək üçün əsaslı dəyişikliklər həyata keçirildi. İstəyirdik söhbətimizə buradan başlayaq.

-    Ermənistanın işğalçılıq siyasəti müstəqil Azərbaycanın ilk illərində böyük çətinliklər yaratmışdı. Heydər Əliyev hakimiyyətə gələndə erməni işğalçı qüvvələri artıq Şuşanı, Laçını, Kəlbəcəri tutmuşdular və Ağdama, Fizuliyə yaxınlaşırdılar. Həmin dövrdə dövlətimiz zəif idi, nizami ordumuz yox idi, iqtisadiyyatımız çökmüşdü. Bunları möhkəmləndirmək, başqa sözlə, dövləti ayağa qaldırmaq, iqtisadiyyatı dirçəltmək və güclü ordu yaratmaq qarşıda duran ilk vəzifələrdən idi. Çox ciddi çətinliklər qarşısında qalan Heydər Əliyev ilk növbədə müvəqqəti atəşkəsə nail olmaq qərarına gəlmişdi. Unutmayaq ki, Heydər Əliyev 1993-cü ildə xilaskar kimi xalqımız tərəfindən yenidən ölkə rəhbərliyinə çağırılanda dövlətçiliyimiz Ermənistanın təcavüzü ilə yanaşı, ölkə daxili parçalanma prosesi ilə də üz-üzə qalmışdı. Milli pərakəndəliklə yanaşı, müxtəlif qruplaşmalar arasında qarşıdurmalar dövlətimizin mövcudluğunu təhlükə altına salmışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi, silahlanmış üsyançılar, müxtəlif qruplara işləyən dəstələr və s. Belə bir siyasi qarışıqlıq zamanında Heydər Əliyevin ən birinci məqsədi daxili qarşıdurmanın önünü kəsmək idi. Əgər daxili sabitliyi təmin etmək mümkün olmasaydı nə iqtisadiyyatı inkişaf etdirmək olardı, nə də atəşkəs elan etmək olardı. Ümummilli lider siyasi ustalığı sayəsində bütün bunlara nail oldu.

-    İqtisadi inkişafın əsası kimi bütün ümidlər isə neft üzrə “Əsrin müqaviləsi”nə idi…

-    Bəli. Çünki, başqa sahələrə - istər kənd təsərrüfatı, istər sənayenin hansısa sahəsinə o zamanlar geniş investisiya yatırmaq istəyən yox idi. Ölkə Ermənistan işğalçılarının hücumlarına məruz qalmışdı, Dağlıq Qarabağda döyüşlər davam edirdi və neft amili, onun ixracı ilə bağlı xarici dövlətlərin maraqları müstəqilliyimizin qorunmasında başlıca açar amili idi. Bu məsələnin qarşısında da böyük maneələr mövcud idi, ilk növbədə Rusiyanın ciddi təzyiqləri vardı. Rusiya hesab edirdi ki, Azərbaycan neftinə şəriklik hüququ var və bu istiqamətdə siyasət aparırdı. İkinci məsələ, xaricə Azərbaycan neftini kim satacaqdı və kim xaricdə Azərbaycan neftinin təmsilçisi olacaqdı? Üçüncü məsələ isə neft xaricə hansı yolla və necə nəql olunacaqdı? Bu məsələlərin hər birində Rusiya maraqlı idi və çalışırdı ki, öz maraqlarını təmin etsin. Hətta beynəlxalq təşkilatlarda, məsələn ATƏT-in iclasında, “Azərbaycanda kifayət qədər neft yoxdur”, “bu ölkəyə investisiya qoymaq gəlir verməyəcək” kimi çıxışlar etmişdi. Mübarizə hətta bu qədər amansız gedirdi, amma onlar Heydər Əliyev ilə üz-üzə açıq mübarizə aparmırdılar. Uzaqgörən siyasətçi kimi Heydər Əliyev istər investisiya, istər digər mövzularda dövlətçiliyimizin maraqlarını qoruya bildi, hədəflərinə nail oldu. Neftin hasilatı üçün qərbdən böyük həcmdə investisiya cəlb olundu, Rusiya da Lukoil şirkəti ilə təmsil olunaraq Azərbaycan neftinin hasilatında iştirak edərək müəyyən pay aldı. İkinci məsələ isə neft nəqli idi, burada da Azərbaycan istədiyinə nail oldu - Rusiya istəyirdi ki, Azərbaycan nefti ancaq Novorossiysk üzərindən nəql olunsun, ancaq belə olmadı, qardaş Türkiyə seçildi. Bu məsələləri Heydər Əliyev çox böyük ustalıqla həll etdi.

-    Həsən müəllim, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb və qonşuları ilə iqtisadi, siyasi əməkdaşlığı üstün tutub. Ermənilərlə neft amilini əsas götürərək, razılığa gəlmək olardımı?

-    Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevlə torpaqlarımızın sülh yolu ilə azad olunması, normal qonşuluq münasibətlərinin qurulması üçün müxtəlif təkliflər müzakirə olunurdu. Heydər Əliyevlə təkliflərdən biri hərtərəfli müzakirə olundu. Bunun üçün Heydər Əliyev və mən, Ter-Petrosyan və onun naziri, dörd nəfər görüşdük. Dördümüz danışıqlara başlayanda əvvəlcədən razılaşdırdığımız kimi, Heydər Əliyevin tapşırığı ilə mən Ter-Petrosyana üzümü tutub dedim: “Bilirsiniz, bu müharibə ömürlük ola bilməz. Məsələnin sülh yolu ilə həllinin biz araşdırdıq və belə təklif edirik ki, neft kəmərini  Dağlıq Qarabağa və oradan da Ermənistan vasitəsilə Türkiyəyə çəkə bilərik. Şərt də belədir ki, biz sizə beynəlxalq tariflə tranzit icarəsi ödəyəcəyik. Bununla bağlı yolboyu bütün infrastruktur layihələrinin reallaşmasını öz üzərimizə götürürük. Hər iki ölkəyə əlverişli olsa, Ermənistanda investisiya qoyub neftayırma müəssisəsi də tikərik. Bununla da müharibə dayanar, sülh bağlayarıq”. Ter-Petrosyan çox sakitcə dinlədi və imtina etdi. Biz də başa düşdük ki, erməni hakimiyyəti sülh deyil, müharibə tərəfdarıdır. Bu təklifin tarixçəsi belədir.

-    Elə vəziyyətlər olur ki, dövlət başçıları çox kritik qərar vermək məcburiyyətində qalırlar. Heydər Əliyevin hansı belə qərarı sizin üçün unudulmaz olub və fikirləşmisiniz ki, bu vəziyyətdən ən düzgün çıxış yolu idi.

Heydər Əliyevin ATƏT-in Lissabon zirvə görüşündə (1996) fəaliyyəti onun şəxsiyyətinin parlaqlığını və orijinal düşüncəsini, respublikanın milli maraqlarını nəzərə alaraq ən mürəkkəb beynəlxalq məsələlərin həllində müstəsna istedadını nümayiş etdirdi. O zaman Finlandiya Minsk qrupunun sədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarına dair sənədi ATƏT sammitində nümayəndə heyətlərinin rəhbərlərinin müzakirəsinə təqdim etdi. Bu sənəd əslində bizim mövqeyimizi əks etdirirdi. Levon Ter-Petrosyan sənədlə tanış olduqdan sonra bu sənədə veto qoydu. Buna cavab olaraq Heydər Əliyev sammitin bütün sənədlərinə veto qoymaq qərarına gəldi. ATƏT-in rəsmiləri və Sammitdə iştirak edən 53 dövlətin başçıları şoka düşdülər, qəzəbləndilər, buna etiraz etməyə çalışdılar. Lakin onlara deyildi ki, bu danışıqlar mövzusu ola bilməz, qərar qətidir. Nümayəndə heyətlərinin rəhbərləri böhranın ciddiliyini dərk edərək, sözün tam mənasında, Heydər Əliyevlə danışıqlara düzüldülər. Onlar prezident Əliyevi “sındırmağa” ümid edirdilər. Amma heç kim bacarmadı - nə kiçik, nə də böyük dövlətlərin nümayəndələri. Nümayəndə heyətlərinin başçıları Heydər Əliyevi sındıra bilmədiklərini anlayaraq, Ermənistanın konsensusunu tələb etməyən ATƏT-in 53 üzv dövləti adından, Azərbaycanın mövqeyini əks etdirən birgə bəyanat qəbul etməyi qərara aldılar və belə də oldu. Ermənistan nümayəndə heyəti əlacsız buna şahidlik etdi. Hesab edirəm ki, “Lissabon Əliyev presedenti” diplomatik dərsliklərə salınmağa layiqdir.

-    Heydər Əliyev ilə tanışlığınız sovet dövründə Mərkəzi Komitədə işlədiyiniz dövrə təsadüf edir, elə deyilmi?

-    Mənim Heydər Əliyev ilə tanışlığım üç mərhələli oldu. Birinci dəfə 1965-ci ildə, bir tədbirdə kənardan gördüm. Mən 24 yaşındaydım, komsomolda işləyirdim və çox adamı da tanımırdım. Yanımda da raykom partiyanın birinci katibi oturmuşdu - Yunus Məmmədov, qəflətən mənə dedi: “Bax gör kim gəlir!” Gördüm, ucaboy, enlikürək, xoş sifətli bir şəxs gəlir. Soruşdum bu kimdir? Dedi “Heydər Əliyevdir, düşünürəm nə vaxtsa bu Azərbaycana başçılıq edəcək”. O zaman Heydər Əliyev, yenicə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin müavini vəzifəsində işləyirdi. 1969-cu ildə Heydər Əliyev yenicə Azərbaycana başçı seçiləndə mən Moskvada Komsomolun baş qərargahında çalışırdım. Həmin zaman Bakıda Sovet-Yapon gənclərinin Dostluq Festivalı keçirilirdi. Festivalın təşkilati məsələləri ilə bağlı Moskvadan Azərbaycana gələn nümayəndə heyətinin tərkibində mən də gəlmişdim. Heydər Əliyev bizi qəbul etdi və görüləcək işlər və mövcud nöqsanlar haqında elə açıq danışdı ki, biz hamımız onun cəsarətinə heyran olduq. Bu hadisənin üstündən 12 il keçmişdi. 1981-ci ildə, mən Heydər Əliyevin elm, mədəniyyət və mətbuat üzrə müavini işləyirdim, o vaxt Moskvada “Literaturnaya qəzeta” var idi və ona qeyri-rəsmi icazə verilmişdi ki, tənqidi materiallar çap eləsin. Redaksiyadan mənə zəng elədilər ki, Azərbaycana səfərə gəlirik. Gəldilər, rayonları, şəhərləri gəzdilər və sonra Heydər Əliyev də onları qəbul etdi. Yazı hazır olanda onun başlığını Heydər Əliyev özü seçdi, Nizami Gəncəvinin poemasından bir cümlə verdi: “Qoy ədalət zəfər çalsın!”. Azərbaycanda olan problemlər və onların həll olunduqları haqqında yazı çap olundu. Üstündən bir müddət keçəndən sonra redaktor mənə zəng etdi ki, sizin yazıdan sonra redaksiyamıza gələn zənglər, məktublar dayanmır. Bütün respublikalardan, Rusiya vilayətləri daxil olmaqla, məqaləni oxuyanlar tələb edirlər ki, bizə ya Heydər Əliyevin özünü ya də belə katib göndərin. Yəni Heydər Əliyev 1969-cu ildə vəd etdiyi öhdəlikləri yerinə yetirməklə, ölkə üzrə fövqəladə şəxs olduğunu göstərdi.

Üçüncü və mənim üçün taleyüklü görüşüm 1971-ci ildə baş verdi. Mən Moskvadan Bakıya qayıtmaq istəyirdim. Günlərin biri dedilər ki, Heydər Əliyev səni qəbul edəcək. Çox söhbət oldu, axırda dedi ki, mən səni tanımıram, sən özün gəlməyini təkid edirsən, səni işə götürürəm, lakin heç bir perspektiv vəd etmirəm. Moskvaya getməmiş hansı vəzifədə idin, orada da işləyəcəksən. Götürdü və 10 aydan sonra mənim vəzifəmi qaldırdı, çünki tanıdı, işimi gördü, dəyərləndirdi. Çünki ədalətli idi!

-    Heydər Əliyev vəzifəyə təyin etdikdə insanları necə dəyərləndirirdi?

-    Vəzifəyə təyin olunan şəxslər Heydər Əliyevlə görüşməli idilər. Kamran Bağırov Mərkəzi Komitədə tikinti şöbəsinin müdiri, mən isə şöbənin işçisi idim. O mənə dedi ki, inşaatçılar bir az kobud olurlar, bəziləri danışıqlarına diqqət yetirmirlər, Heydər Əliyevin yanına gedən adamlarla bir məşq elə, bizi biabır etməsinlər. Mən də bu tapşırığı bacardığım qədər icra etdim. Günlərin bir günü Heydər Əliyev Kamran Bağırova deyir ki: “Sənin şöbəndən gələnlər hamısı bir-birinə oxşayır”. Kamran da, gülümsəyərək deyir ki, axı biz bir az onlarla məşq edirik. Soruşur ki, sən edirsən? Kamran da cavab verir ki, yox Həsən edir. Heydər Əliyev qətiyyətlə deyir: “Həsənə tapşır məşq-zad eləməsin, mənə onlar təbii, necədirlərsə, elə lazımdır. Bu səbəbdən mənə aydın olmur, hansının qabiliyyəti, düşüncəsi nədir”. Heydər Əliyev, özünü olduğu kimi, yəni səmimi aparan insanlara üstünlük verirdi.

-    Azərbaycan planlı Sovet iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçdiyini bəyan etmişdi. Əvvəlki əlaqələr kəsilmişdi, yenidən əlaqələr qurmaq, ticarət, iqtisadi münasibətləri yaratmaq, həmçinin qarışıqlıq yaranmış bir bazarı tənzimləmək lazım idi. Hansı çətinliklər vardı və ulu öndərin üstünlük verdiyi kurs nə idi?

- Azad bazar iqtisadiyyatı Sovet hökuməti tərəfindən, 1990-cı ildə elan edilmişdi. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələndə bazar iqtisadiyyatı hələ yaranmamışdı, sosializm sistemi isə dağılmışdı. İqtisadiyyatımızın onurğa sütunu neft idi. Neftə investisiya qoyulmamış, heç kim heç bir sahəyə bir qəpik də investisiya qoymaq istəmirdi. Elə ki “Əsrin müqaviləsi” imzalandı, hamıda inam yarandı ki, deməli Azərbaycan ayağa qalxacaq. Bilməlisiniz ki, Rusiya da, Ermənistan da aktiv şəkildə əks düşüncələr yayırdılar. Biri deyirdi neft yoxdur və olmayacaq, o birisi  deyirdi, sabitlik yoxdur və yaranmayacaq. Heydər Əliyev ilk növbədə daxili çəkişmələri dayandırdı və neftlə bağlı xarici maraqların Azərbaycan üçün ən məqbul olanını seçdi.   

- “SSRİ-də milli təmayülçü hərəkat” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmisiniz. Heydər Əliyev milli təəssübkeşliyini necə balanslaşdıra bilirdi?

- Heydər Əliyevdə düşünürəm, anadangəlmə bu keyfiyyət var idi, həmçinin təhlükəsizlik orqanlarında işlədiyi üçün əhalinin nəbzini tuta bilirdi. Həyatını bu xalqın, onun tarixinin, mədəniyyətinin, ədəbiyyatının inkişafına həsr etmişdi. Bir neçə nümunə deyəcəyəm. Heydər Əliyev birinci katib olanda göstəriş verdi ki, Azərbaycan tarixini ətraflı yazın. Heydər Əliyev Nizaminin şöhrətini ucaltdı, Nəsiminin, Cəfər Cabbarlının abidələrini ucaltdı. Babək, Dədə Qorqud, Üzeyir Hacıbəyov, Nizami haqqında kinolar çəkdirdi. Tarixi romanlar, pyeslər yazıldı. Məni də Gəncədən Bakıya vəzifəyə gətirəndə dedi ki, Gəncədə nə etmisənsə indi respublika səviyyəsində davam elə. Yazıçılar ittifaqında xüsusi “Cənubi Azərbaycan Ədəbiyyatı” bölməsi açıldı və Balaş Azəroğlu cənubi ədəbiyyat üzrə yazıçılar ittifaqının katibi seçildi. Ziya Bünyadovun “Atabəylər dövləti” əsərinə dövlət mükafatı verildi. Milli məsələlərə belə idi münasibəti. Sizə bir maraqlı hadisəni danışım. Mən Gəncədə (o vaxt Kirovabad-adlanırdı) birinci katib olanda doqquz uçuq vəziyyətdə məscidi bərpa etməyə başladım. Başa düşürdüm ki, riskə gedirəm. Bir də xəbər tutdum ki, camaat arasında belə söhbət gəzir ki, Xomeyni Azərbaycana gəlir deyə Moskvadan tapşırıq verilib və Həsən müəllim bu səbəbdən məscidləri təmir etdirir. Təbii ki, yalan idi, nə Xomeyni gəlirdi, nə də belə bir tapşırıq vardı. Təmir elətdirdim, bitirdim, binanın üzərindəki ərəbcə yazıları, minbəri belə aşkarladıq və olduğu kimi saxlatdırdım. Şəhər Heydər Əliyevi qarşılamağa hazırlaşırdı. Ulu öndərin Arif adında köməkçisi mənə zəng etdi ki, sənin tərtib etdiyin səfər proqramını Heydər Əliyevə göstərdim, soruşdu ki, bəs məscidləri niyə salmayıb?! Dedi ki, onu da proqrama sal. Heydər Əliyevə mənim bu addımım xoş gəlibmiş. Sonra bildim ki, məscidləri təmir etməyimdən Zərifə xanım, haradansa xəbər tutub, məmnun qalıb və o da Heydər Əliyevə deyib. Heydər Əliyev həmin məscidlərə böyük məmnuniyyətlə səfər etdi və bu işlərimə yüksək qiymət verdi.

Gəncəyə səfəri baş çatandan sonra Heydər Əliyev qəflətən mənə dedi: “Ola bilsin ki, səni Bakıda işləməyə keçirtdim. Amma səndən sonra da şəhərdə sənin vaxtında yaranmış stabilliyə sən cavabdeh olacaqsan”. Mən ürəyimdə çoxdan düşündüyüm fikri ona dedim: “Onda gərək şəhər iki inzibati rayona bölünsün”. Soruşdu, “Niyə?” Dedim: “Kirovabad bildiyiniz kimi mürəkkəb şəhərdir. Şəhər bir başçının ümidinə qalanda bir növ nəzarətsiz olur. İki inzibati rayon yaransa artıq şəhərə üç nəfər rəhbərlik etməli olur və daxili nəzarət yaranır”. Heydər Əliyev bir neçə gündən sonra Bakıdan mənə zəng edib, dedi iki rayon haqda təkliflərini göndər. Bu ərəfədə Mərkəzi Komitənin, qeyri-azərbaycanlı, lakin səlahiyyətli məsul işçisi zəng edib, mənə göstəriş verdi ki, rayonlardan birinin adını “Lenin”, o birisinin adını “Sovetski” olaraq rəsmiləşdirib göndərim. Mən etiraz etdim, o isə mənə sərt şəkildə irad tutdu: “Sən, Lenin və Sovetski adlarına zidsən?” Mən çalışdım mövqemi izah edəm, o isə mənim izahıma məhəl qoymayaraq öz göstərişini təkrar etdi və vidalaşdı.

Zəng edən şəxsin belə göstərişə səlahiyyəti var idi, mən isə, etiraz etməyimə baxmayaraq, göstərişin mənbəyini bilmədiyimə görə, inzibati rayonların adlarını o tələb etdiyi kimi deyil, Bakıya bu şəkildə yazıb göndərdim: “Rayon №1” və “Rayon №2”. Üstündən bir-iki gün keçəndən sonra Heydər Əliyev mənə zəng edib soruşdu: “Həsən, bu nədir yazmısan, rayonlara belə admı qoymaq olar?”. Mən hadisəni söyləmədən dedim ki, bu Sizin səlahiyyətinizdədir. Heydər Əliyev dedi: “Adı təsdiq etmək, bizim səlahiyyətimizdir, amma təklif vermək sənin”. Mən ürəklənib, arzuladığım adları dedim. Rayonun birinin adının Nizami olmasını təklif edirəm, o birinin isə Yeni Gəncə. Heydər Əliyev Nizami adını rahatlıqla qəbul etdi, amma ikinci təklifimi sualla qarşıladı. O zamanlar Gəncə adına, qeyri-rəsmi, qadağa var idi. Gəncə demək, Sovet hakimiyyətinə və Kirova hörmətsizlik kimi dəyərləndirilirdi. Mən çalışdım bu adın niyə aktuallaşdığını izah edəm, lakin mənim hər izahımı Heydər Əliyev, “Niyə Yeni Gəncə?” ifadəsi ilə qarşılayırdı. Əslində, mənim tərəfimdən, “Yeni” sözünün əlavə olunması “Gəncə” sözünün “Kirovun azarkeşləri”ndə yaranacaq qıcığı zəiflətmək məqsədi daşıyırdı. Nəhayət, Heydər Əliyev: “Yeni” sözünü niyə əlavə edibsən?” - deyəndə mən başa düşdüm, ki, problem “Gəncə” sözündə deyil, “Yeni” sözündədir, tez dəqiqləşdirdim, ki sadəcə “Gəncə” daha yaxşıdır! Heydər Əliyevin ona məxsus cəsarəti nəticəsində Gəncəlilərin 48 il, ürəklərində gəzdirdikləri “Gəncə” nisgili aradan götürüldü. Beləliklə, şəhər tam şəkildə deyil, hələlik yarısı, neçə minlik Gəncə adını qaytardı. Heydər Əliyevin milliliyi təpədən dırnağa qədər idi. Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və “Vaqif Poeziya Bayramı”nı keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, poeziya-bayramı sadəcə şeirlər oxumaq deyil. Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzi, Şuşadakı Vaqifin məqbərəsi isə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı Qarabağda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Baxın, 1920-ci ildə Zəngəzur Ermənistana verildi, 1923-cü ildə Qarabağ Muxtar Vilayəti yaradıldı, bu problemlərin həllindən xalq kənarda qaldı. Heydər Əliyevin Sovet dövründə Azərbaycanda gördüyü işlər: xalqımızın təhsilinə, ölkəmizin inkişafına, hərbi məktəblərin açılmasına, milli şüurun yaranmasına və sair bu kimi xüsusi xidmətləri sayəsində 1988-cı ildə xalqımız yenidən torpaqlarımızın itirilməsi qarşısında qalanda daha hazırlıqlı oldu və vahid güclə ayağa qalxdı. Xalqın yetkinliyinin səbəblərindən biri də o oldu ki, Heydər Əliyev gələnə qədər Bakıda azərbaycanlılar azlıq təşkil edirdi. O, çoxlu zavodlar açdı ki, işçi qüvvəsinə ehtiyac yaransın, əhali rayonlardan paytaxta gəlsin. İlk dəfə 1979-cu il siyahıyaalma nəticəsində Bakıda azərbaycanlıların sayı 51% oldu. Heydər Əliyevin 1969-80-ci illərdə siyasəti xalqda milli düşüncəni formalaşdırmaq, milli özünüdərk, milli marağı yaratmaq idi və buna nail oldu.

-    Türk Dövlətləri Təşkilatının nəzdində Ağsaqqallar Şurasında Azərbaycandan olan nümayəndəsi kimi hələ də xalqımız üçün tale yüklü məsələlərin həllində iştirak edirsiniz. Bu Təşkilatın dövlətlərimiz üçün əhəmiyyəti barədə danışmağınızı xahiş edirik.

-    Elmi araşdırmalarla məşğulam, gəldiyim qənaət budur ki, ilk Türk dövlətlərinin tarixi təxmini 3 min ildir. Bu müddət ərzində çox dövlətlər olsa da ən böyük dövlət, yunan tarixçilərinin xəbər verdikləri, Skif imperiyası olub ki, sərhədləri Yapon dənizindən müasir Polşa və Macarıstanın ərazisinə kimi əhatələnib. Skif imperiyası dağılandan sonra, çoxsaylı türk dövlətləri yaranıb və əfsuslar olsun ki, hər zaman öz aralarında, liderlik uğrunda, minillərlə müharibə ediblər. Qədim və orta əsr türk müharibələri əslində qardaş müharibələri oldu. Yəni, türk dövlətlərinin tarixi türk-daxili müharibədən, daxili qırğınlardan, birincilik uğrunda qan tökməkdən ibarət idi. Türklər, türklərlə müharibə aparırdılar və nəticədə Türkiyədən başqa bütün türk dövlətləri zəiflədilər. Nəticədə o oldu ki, XVIII əsrdən başlayaraq müstəqil türk dövlətlərinin sayı yavaş-yavaş azalmağa doğru getdi. Bircə Osmanlı dövləti müstəqil dövlət olaraq qaldı. Rusiyanın 1917-ci il fevral inqilabından sonra türk xalqları müstəqilliklərini bərpa etməyə cəhd etdilər. Ancaq Rusiyada hakimiyyətə gələn kommunistlər, hamısını bir-bir dağıtdı və Sovet adlandırdıqları İttifaqa topladılar. 1991-ci ildə, yeni tarixi şəraitdə 5 türk xalqı öz müstəqilliyini elan etdi. Bu gənc dövlətlərə ilk əl uzadan və yardım edən məhz qardaş Türkiyə oldu. Tarix boyu baş verən, qardaş qırğınlarını təkrar etmədən, yeni dövlətlər anladılar ki, güc birlikdədir. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın təşəbbüsü ilə 6 Türk dövləti, Türk Dövlətlər Təşkilatı yaratdılar. Yəni, bu təşkilat 3 min il ərzində türk xalqlarının həsrət çəkdikləri bir təşkilatdır. Təşkilatın dəyəri bundan ibarətdir ki, tarixin ən kritik zamanında yaranıb. Türk dövlətlərinin təşkilatının yaranması o deməkdir ki, türklər 3 min il dövlətçilik dövründə olduğu kimi qarşıdurma, müharibə, liderlik uğrunda müharibə ilə deyil, birləşməklə, inteqrasiya, bir-birinə dayaq durmaqla inkişaf etməli, güclənməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyev 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündəki çıxışında bu təşkilatın bugününü və gələcəyini belə görürdü: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

-    Ümummilli liderimizin davamçısı bu gün prezident İlham Əliyevdir. Həmin dövrdə başlanan işlərin nəticələrini bu gün biz aydın görürük.

-    İlham Əliyev yaradılmış platformaya əminliklə söykənərək 2003-cü ildə Prezident seçilərək ölkəyə rəhbərlik etməyə başladı. İlham Əliyevin 20 illik prezidentlik yoluna nəzər salsaq, aşkar görmək olar ki, o, hakimiyyətdə olduğu lap ilk günlərdən Qarabağ probleminin həllinə hədəflənmişdi. Azərbaycan iqtisadiyyatının artımı sürətləndi, bu iqtisadiyyat sabit gəlirli səviyyəyə çatdırıldı. İqtisadi əlaqələrin dairəsi ölkənin siyasi maraqları ilə sıx birləşdirildi. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşına çevrildi ki, bu da qitənin aparıcı ölkələri ilə uğurlu əməkdaşlığa gətirib çıxardı. İlham Əliyevin diplomatik bacarığı Azərbaycana dünyanın bir çox aparıcı ölkələrinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu tərəfdaşı olmaq imkanı verdi. Eyni zamanda, ordunun ən müasir silahlarla təchiz olunmasını, zabit və əsgər heyətinin ixtisas səviyyəsinin artırılmasını, ordunun döyüş qabiliyyətini müəyyən edən mənəvi və psixoloji keyfiyyətlər məcmusunun formalaşdırılmasını nəzərdə tutan hərbi quruculuq işləri aparıldı. Tezliklə Azərbaycan öz ərazilərinin azad olunması naminə müharibəyə hazır idi. Lakin İlham Əliyev hərbi yola əl atmaq istəmirdi, güman edirdi ki, Ermənistanın rəhbərləri sağlam düşüncəni əsas tutacaq, başa düşəcəklər ki, özgə ərazilərini işğal altında saxlamaq perspektivsizdir. Amma məlum oldu ki, Ermənistanda hakimiyyət sükanı arxasında olanlar sağlam düşüncəni və praqmatizmi deyil, öz şəxsi ambisiyalarını və mifik təsəvvürlərini rəhbər tuturlar. Buna baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar davam edirdi. Bu halda Azərbaycan münaqişənin uğurla həll olunacağını, Ermənistan isə uğurla uzanacağını nəzərdə tuturdu. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti öz bəhrəsini verdi. Dünyanın əksər ölkələri bizim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə güvənərək, tarixi torpaqlarımızı öz gücümüz hesabına azad etmək səyimizə anlayışlı yanaşdılar. Bizə dost ölkələr yanımızda idilər. Onların arasında Türkiyə xüsusi yer tutur. Müharibənin başa çatması ilə ölkəmiz zəfər eyforiyasına uymadı, onun üçün yeni sülhsevər iş günləri başladı. Müharibədən sonra elə ilk günlərdən məlum oldu ki, Prezident İlham Əliyev bu günlərə artıq çoxdan hazırlaşmışdı. Qələbədən dərhal sonra ictimaiyyət Qarabağın dirçəldilməsi üzrə möhtəşəm planlar barədə məlumatlandırıldı və eyni zamanda, praktik iş başlandı. İşğaldan azad olunan şəhərlərin inkişafı üzrə baş planlar hazırlanır, yeni hava limanları, geniş avtomobil yolları, elektrik yarımstansiyaları və elektrik ötürmə xətləri şəbəkəsi tikilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqələri yaradılır, dağıdılmış mədəniyyət abidələri və məbədlər bərpa edilir.

Beləliklə Prezident İlham Əliyev Azərbaycanın dirçəliş estafetini öz güclü əllərinə götürərək əldə edilmiş siyasi sabitliyi dönməz hala gətirmiş, mühüm iqtisadi yüksəlişə və beynəlxalq səviyyədə tanınmağa nail olmuşdur. O, xalqı daha da gücləndirməklə və hərbi quruculuqla məşğul oldu, bu da son nəticədə İkinci Qarabağ müharibəsinin uğurla başa çatmasına və Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsinə gətirib çıxartdı. Eyni zamanda, İlham Əliyev şəxsən diplomatik fəaliyyət göstərməklə, eləcə də bir çox KİV-lərin, xüsusən də Avropa mediasının nümayəndələri ilə ünsiyyətdə olmaqla, dövlətlərin hərtərəfli dəstəyinə, torpaqlarımızı hərbi yolla azad etmək hüququmuzun legitimliyinə nail olub.

-    Heydər Əliyevin xidmətləri haqda siz bir sıra misallar gətirdiniz. Xahiş edirəm, Heydər Əliyevin tarixi xidmətlərini bir daha yığcam şəkildə qeyd edin.  

-    Bu il, Azərbaycan xalqı Heydər Əliyevin 100 illiyini ümumxalq hadisəsi kimi qeyd edir. Heydər Əliyevin həyatının üç mərhələsi və üç taleyüklü xidməti var. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi xidmətləri ondadır ki, o, Azərbaycana rəhbərlik etdiyi dövrdə sərt kommunist ideologiyası və sovet hakimiyyəti şəraitində xalqımızda milli mənlik şüurunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə nail ola bildi ki, bu da müstəqillik uğrunda mübarizə zamanı özünü açıq şəkildə büruzə verdi.

Heydər Əliyevin Moskvada işlədiyi müddətdə qazandığı əsas xidmət ondan ibarətdir ki, dünya onun timsalında əmin oldu ki, belə bir övladı olan Azərbaycan xalqı müstəqil dövlətə malik olmağa, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer almağa layiqdir. Heydər Əliyevin böyük xidməti ondadır ki, O, 1993-cü ildən Azərbaycana rəhbərlik edərək gənc, kövrək bir ölkəni böhrandan çıxara bildi, beynəlxalq miqyasda layiqincə tanıtmağa nail oldu, müstəqil dövlətimizin gələcək inkişafı üçün güclü siyasi və iqtisadi baza yaratdı. Azərbaycan dövlətçiliyini dünya siyasətinin simvollarından birinə çevirdi.

Heydər Əliyevin tarixi dəyəri ondadır ki, tarixin müxtəlif geosiyasi şəraitində baş verən bu üç dövründə o, özünü eyni dərəcədə iradəli, cəsarətli, qətiyyətli və bacarıqlı lider kimi göstərmiş, xalqı tərəfindən layiqincə “Ulu Öndər-Ümummilli Lider” kimi dəyərləndirilmişdi.

-    Həsən müəllim, ümummilli liderimiz Heydər Əliyevlə bağlı maraqlı xatirələrinizi bizimlə bölüşdüyünüzə görə sizə təşəkkür edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)