Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək?
Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib.
"BI" xəbər verir ki, nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edir.
Yazıda bildirilir ki, 2017-ci ilədək “Formula-1”ə rəhbərlik etmiş Berni Eklstoun tərəfindən qoyulmuş qaydalara əsasən hər növbəti mərhələ əvvəlkindən 5-10% baha olmalıdır.
Ancaq sözügedən nəşr onu qeyd edib ki, sentyabrın 8-də İtaliyanın Montsa şəhərində keçiriləcək Qran Priyə onun promouterləri yalnız 24 milyon dollar ödəmək istəyir. Halbuki Azərbaycan Qran Prisindən sonra keçiriləcək bu məbləğin məntiqlə daha çox olması lazım idi. Bu il “Liberti Media” ilə müqaviləsi bitən İtaliya yeni anlaşmada xərclərin 15 milyon dollardan çox olmasını istəmir.
Qeyri-rəsmi mənbənin sözlərinə əsasən, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarışın ilə təxminən 45 milyon dollara başa gələcəyi də qeyd olunub. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibi “Liberti Media”nın qoyduğu qiymətdən narazı deyillər.
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraidən məsələyə münasibət öyrəndik. O, saytımıza açıqlamasında bu məlumatı təkzib etdi. O bildirdi ki, bu xərclər konfidensial saxlanılır və onun mətbuata sızması mümkün deyil.
Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda “Formula-1” Promouterlərinin Assosiasiyasının (FOPA) görüşü olub. Burda 21 promouterdən 16-sı (FOPA-ya Rusiya, Monako, Bəhreyn, BƏƏ və Yaponiya daxil deyil – S.M.) qatılıb. Onlar “Liberti Media” əleyhinə bəyanat yayaraq bu qurumun iş prinsiplərini tənqid ediblər. Onlar yarışı televiziya vasitəsilə pulsuz izləməyin tədricən məhdudlaşdırılmasından, bir sıra önəmli məsələlərin müzakirəyə buraxılmamasından və digər başqa məqamlardan narazıdırlar.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Rusiyanın “Kommersant” qəzetində yer alan xəbərə dair bəyanat yayıb.
Bəyanatda yayılan xəbərin qeyri-rəsmi və əsassız olduğu bildirilir.
Belə ki, “Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtlərinin tam məxfi saxlanıldığı və ictimaiyyətə rəsmi şəkildə açıqlanmadığı qeyd olunub.
“Eyni zamanda bildirmək istərdik ki, “Formula-1” yarışlarının təşkilatçısı “Formula-1 Management” şirkəti ilə Azərbaycanda “Formula-1” yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur. Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir”, - deyə bəyanatda vurğulanıb