Yeni müavinətlər kimlərə veriləcək?
“Sosial müavinətlər haqqında” Qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Bu barədə fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.
V.Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:
“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək.
Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir”.
Deputatın sözlərinə görə, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.