BİZNES

Sahibkarlar nədən şikayətləndilər? - MÜZAKİRƏLƏR

Dünən Azərbaycanın iqtisadiyyat naziri, gömrük komitəsinin sədri, vergilər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri, ərzaq təhlükəsizliyi agentliyinin sədri sahibkarların şikayətlərini dinlədilər, onların qaldırdıqları problemlərə aydınlıq gətirməli oldular.

"BI" xəbər verir ki, səslənən sualların əksəriyyəti gömrük komitəsinə ünvanlandı. 

Sahibkarların qaldırdıqları məsələləri təqdim edirik.

Sual Kənd Təsərrüfatı Nazirliyinədir: Torpaqlarının təyinatına yenidən baxılsın

“Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov məsələ qaldırdı ki, kənd təsərrüfatı təyinatlı torpaqlara yenidən baxış lazımdır:

“Sənaye sahələrinin çoxu kənd təsərrüfatına yararsız torpaqlarda tikilib. Faydalı qazıntıların əksəriyyəti yararsız torpaqların təkindədir. Həmin yerlərdə isə başqa tikintilər var. Bir sözlə, kənd təsərrüfatı təyinatlı torpaqların kadastrına yenidən baxmaq, əkinə yararsız torpaqların istifadəsi ilə bağlı şərtləri yumşaltmaq lazımdır”.

Buna cavab olaraq kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, yeni qaydalar hazırlanır, şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olması planlaşdırılır.

Nazir qeyd ki, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil: 

“Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha da təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək”.

Sual Gömrük Komitəsinədir: Günlərlə növbə gözləyirik

“Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov Bakı Gömrük Terminalındakı vəziyyətdən şikayət etdi. Sahibkarın sözlərinə görə, gətirdikləri malı almaq üçün 3-4 gün vaxt itirirlər:

“Terminalda xeyli sayda anbar olduğu halda, yalnız bir anbar işləyir. Bu anbara da 14 maşın boşaltmaq imkanı var. Halbuki gün ərzində 40 maşın gəlir. Nəticədə, 3-4 günlük bir növbə yaranır. Bu isə malın qaldığı hər günə görə sahibkarın əlavə vəsait ödəməsi deməkdir”.  

Cavab olaraq Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, texniki problemlər olduğundan elektron bəyannaməni tez həll edə bilmirlər:

“Rüsumlar bank vasitəsilə və post terminallardan ödənildiyi halda, bəzən gömrüyün sisteminə oturması iki gün vaxt aparır, bu isə ləngiməyə səbəb olur”. 

Komitə sədrinin sözlərinə görə, fevralın 1-dən bu məsələlər aradan qaldırılacaq və sərhəddən-anbara prinsipi ilə işləyən sahibkar gömrük əməkdaşı ilə təmasda olmayacaq.

Sual dəmiryol idarəsinədir: 21 km-ə niyə 700 dollar ödəməliyəm?

“Şəmkir Food Export” şirkətinin direktoru Tahir Hüseynov dəmiryolu ilə daşınma xərclərinin yüksək olmasından şikayətləndi: 

“Yaz-payız aylarında nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən kənd təsərrüfatı məhsullarını dəmiryolu ilə ixrac edirik. Məhsulları “Yalama stansiyası”ndan dəmiryolu ilə Dağıstana daşıyırıq, oradan da yüklər yerli maşınlarla daşınır. 2008-ci ildə dəmiryollarında rəqabət var idi. 

Məsafə yaxınlığına görə məhsulların daşınması üçün Xudat və Yalama stansiyalarından istifadə edilirdi. Amma Xaçmaz stansiyasından istifadə edilmirdi. Stansiya rəisi olan şəxs hansısa imkanlarından istifadə edib yenilik etdi. Daşınma haqqı 101 km üçün 700 dollar müəyyən edildi. 

Üstəlik, vaqonların icarəyə götürülməsi haqqı 800 dollar müəyyənləşdirildi. Amma bu gün Xudat stansiyasından sərhədə qədər 21 km yük daşıyırıq. Ona görə biz hər vaqondakı 50-55 ton yükə görə hardasa 700 dollara yaxın pul ödəyirik.

Əslində, 180 manat ödəməliyik. Dəmiryolunda daşıma ilə bağlı “ADY Express” və başqa şirkətlər yaradılıb. Ötür-ötürlə daşınma qiymətləri qalxıb. Sərhəddən Dərbəndə qədər məsafə isə 50 kilometrdir. Buna görə 350 dollar ödəyirik. 2018-ci il bitib və vaqonlar boş qalıb deyə bizə böyük cərimələr yazılıb”.

İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib, bu həftə ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək:

“Bu ciddi məsələdir, 21 kilometrə görə Azərbaycanda 700 dollar, 50 kilometrə görə Rusiyada 300 dollar. Bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq”.

Eyni zamanda, “Şəmkir Food Export”un müdiri artezian quyusu və enerji istifadəsi ilə bağlı məsələ qaldırdı: 

“Bir artezian dayananda 30 min pul istəyirlər. Onsuz da artezianların pulunu artıqlaması ilə ödəmişəm. Eyni zamanda, enerji xəttinə qoşulma ilə bağlı bəzi tələblər var”.

Gömrük Komitəsinə: Ölkədən xammalı çıxarırlar

Azərbaycandan əlvan metallar, qara metallar və hətta külçə dəmirlərin çıxarılması ilə bağlı şikayətləri bir neçə müəssisə qaldırdı:

“167 işçisi olan zavod işləmək üçün xammal tapmır. Xammalın şəklini dəyişib başqa kodla ölkədən çıxarırlar. Əgər bunu yoxlamaq üçün sizin imkanınız yoxdursa, bizim laboratoriyamızın imkanlarından istifadə edə bilərsiniz”.

Gömrük Komitəsinə: invoysa yüksək qiymət yazırlar

Azərbaycandan xurma ixrac edən sahibkarlardan biri məhsulun invoys qiymətlərinin gömrükdə yüksək göstərildiyindən şikayətləndi: 

“Biz müqaviləni 35 dollara bağlamışıq, gömrük invoysa 50 dollar yazır. Axı niyə? Başqa ölkənin büdcəsinə niyə əlavə pul ödəyək?”

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə bildirdi ki, artıq bir aydır ixracla bağlı qiymətə biz qarışmırıq. 

Sahibkar isə eyni vəziyyətin beş gün əvvəl təkrarlandığını xatırladıb. Cavabında komitə sədri qeyd etdi ki, fevralın 1-dən “Yaşıl dəhliz” elektron qaydada işə düşəcək və gömrük əməkdaşının müdaxiləsi mümkün olmayacaq. Sahibkardan xahiş etdi ki, şirkətlərin sistemini gömrüyə inteqrasiya olunmasına çalışsınlar”. 

Bundan başqa, məhsulların tərkibinin ekspertizası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin sertifikat xidmətinin tariflərindən şikayətləndi. 

Agentliyin rəhbəri Qoşqar Təhməzli isə reaktivlərin baha olduğunu vurğulayaraq, bu qiymətlərin minimal şəkildə formalaşdırıldığını qeyd etdi. 

Sahibkarların şikayətləri isə kifayət qədər çox idi və bütün suallar, eləcə də təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alındı və qaldırılan məsələlərin bir qismi oarada cavablandırılsa da, bir qismi ayrıca görüşlərdə müzakirə ediləcək.

Bununla bağlı nazir Şahin Mustafayev əməkdaşlarına tapşırıqlar verdi və hətta bəzi problematik məsələlərin iclasdan dərhal sonra birbaşa oradaca müzakirə edilməsi qərara alındı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)