Dünya bazarında taxıl ucuzlaşdı, Azərbaycanda çörəyin qiyməti niyə düşmür? 2023-cü ildə taxılın qiymətindəki artım davam edəcəkmi?
Hazırda Azərbaycanda unun bir kiloqramı 90 qəpikdən satılır. Kisə halında un isə kiloqramı 70-80 qəpiyə düşür. Dünya bazarında taxılın qiyməti ən pik martın 7-də buşu (1 buş-25 kiloqram) 12.97 dollar olub. Yəni Rusiya Ukrayna müharibəsi nəticəsində taxılın qiyməti kəskin bahalaşdı. Bugünə olan taxılın qiyməti bir buşa 7 dollardır. 2022-ci ilin mayından sonra taxılın qiyməti düşməyə başlayır. Azərbaycanda isə 2022-ci ilin əvvəlində çörək 70 qəpiyə qalxdı və bir daha düşmədi. Maraqlıdır ki, dünya bazarındakı bu ucuzlaşmalar Azərbaycan bazarına niyə təsir etmir, axı ölkəmiz taxıl idxalçısıdır və bahalaşma bu məhsulun qiymətini qaldırdığı kimi ucuzlaşma da aşağı salmalıdır.
Azərbaycan bazarı azaddırmı?
Dünya bazarındakı qiymət diaqramına fikir versək, taxılın qiymətinin artımı 2022-ci il, fevralın 21-dən başlayır və bir həftə ərzində ən yüksək həddə çatır. Müharibə ilə əlaqədar dövlətlər un ehtiyatını əsas götürərək taxıl alışını artırırlar. İndi isə taxıl təklifi bazarda yenidən əvvəlki vəziyyətə qayıtdığından qiymətlər daha normaldır.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, taxılın dünya bazarındakı qiyməti müharibədən əvvəlki vəziyyətə qayıdıb. Azərbaycanda bunun qiymətlərdə əks olunmamasının səbəbi isə bazara müdaxilələrin edilməsi ilə bağlıdır.
“Azad bazar olsa, qiymətlər dəyişər. Biz unluq buğdanın 70-75%-ni xaricdən alırıq. Azərbaycandakı mövcud qiymətlər isə azad bazar qaydalarına uyğun deyil. Əgər xərclər azalırsa, qiymətlər düşməlidir, ancaq bizdə bu görünmür”, -deyə ekspert bildirib.
Qeyd edək ki, hələ 2022-ci ilin sonlarına doğru taxılın ucuzlaşmasının Azərbaycanda çörəyin qiymətinin düşməsinə niyə təsir etməməsi barədə medianın sualını Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov belə izah etmişdi ki, baha qiymətə alınan unun depolanması var. Həmin ehtiyatlar bitəndən sonra qiymətlərə təsir edəcək. Amma Azərbaycanda qalxan qiymətlərin düşməsi kimi təcrübə olmadığından bu baş verəcəkmi, sualına birmənalı cavab vermək çətindir.
Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb?
Dünyada isə inflyasiya və yüksək gübrə qiymətlərinin xərcləri artıraraq qlobal taxıl istehsalına təzyiq göstərməsi hələ da qalır. Kənd təsərrüfatı mallarında yüksək tələbatın 2023-cü ildə də davam edəcəyi gözlənilir. Bundan əlavə, görünən odur ki, davam edən enerji böhranının yaratdığı gübrə çatışmazlığı 2023-cü ildə də kənd təsərrüfatı istehsalçılarını narahat etməyə davam edəcək.
Rusiya və Ukraynadakı müharibə əmtəə qiymətlərini tarixən yüksək səviyyədə saxlayır. Qarğıdalı bir il əvvəllə müqayisədə 8,5 faiz, soya isə 17 faiz bahalaşıb. 2022-ci ildə son illərin ən yüksək səviyyəsini göstərdikdən sonra, bir il ərzində 33 faiz ucuzlaşıb. Düyü isə bu il demək olar ki, 20 faiz qalxıb. Kakao və qəhvə ilin başladığı vaxtdan yuxarıya hərəkət edir.
Kənd təsərrüfatı analitiki Naomi Blohm xəbərdarlıq edir ki, qarğıdalı və soya üçün qrafik göstəriciləri yüksəliş qiymətlərinin kəsilməsinə işarə edir.
O, qısa müddətdə soyada 2,50 dollar, qarğıdalıda isə 1,00 dollar dəyər itirmə potensialının olduğunu deyir. JPMorgan Research-də kənd təsərrüfatı əmtəə strateqi Tracey Allen qarğıdalı ilə bağlı araşdırma yazısında deyir: "Dünya bazarına ixrac edilə bilən kənd təsərrüfatı məhsulları tədarükünün kəskin şəkildə məhdudlaşdığı bir vaxtda biz əkin şəraitində müəyyən dərəcədə pisləşməni, torpaq rütubətinin çatışmazlığını və mühüm taxıl və yağlı bitkilərin məhsuldarlıq potensialının aşağı düşəcəyini gözləyirik".
Argentinada əsas istehsal dövrlərində quraqlıq davam edir, Braziliyanın bəzi hissələri çoxlu yağış alır və bəzi ərazilər quruyur. Bütün bunlar taxıl bazarlarında başağrısı yarada, yeni ildə qiymət dalğalanmasına səbəb ola bilər.
Buğdaya təklif yüksək olacaq
ING-nin 2023-cü il proqnozu hesabatında, 2023/24 dövründə qiymətlərin yuxarıya doğru dəstəklənəcəyi göstərilir. ING, 2023-cü ilin birinci rübündə CBOT fyuçers qiymətlərinin orta hesabla 8,50 dollar/buşelə, ikinci rübdə isə 8,40 dollar olacağını proqnozlaşdırır. Son iki rüb üçün müvafiq olaraq 8,50 və 8,70 dollar gözləntisi var.
Euronext-də hər rüb üçün ton başına qiymət təxminləri müvafiq olaraq 340 avro, 325 avro, 325 avro və 335 avro təşkil edir. Maliyyə institutu təchizat risklərini aşağıdakı kimi sadalayır:
Ukrayna 2022/23 mövsümü üçün 6 milyon hektardan çox payızlıq buğda əkib, lakin cəmi 4,6 milyon hektar sahədə məhsul yığılıb. Nəticədə, Ukraynada buğda istehsalının əvvəlki mövsümdə 33 milyon tondan 20 milyon tona qədər azaldığı təxmin edilir.
Gübrənin yüksək qiyməti bazarı vura bilər
Ukraynadakı müharibə, Qərbin Rusiya və Belarus ixracatına tətbiq etdiyi sanksiyalar, Çinin ixrac məhdudiyyətləri gübrə bazarlarında təlatümlər yaratmaqda davam edir.
2021-ci ildə başlayan gübrə qiymətlərindəki artım 2022-ci ildə fermerlərin əlçatanlığının azalması və tələbin azalması ilə nəticələndi. Fermerlərin gələn mövsüm üçün lazım olan gübrə miqdarı ilə bağlı qeyri-müəyyənlikləri hələ də qalır.
Məhsuldarlığa təsir 2023-cü ildə, xüsusən də fermerlərin Avropa, ABŞ və Çinli həmkarlarına nisbətən daha az uyğunlaşma vasitələrinə malik olduğu və daha az dövlət dəstəyi aldığı Afrika və Asiya ölkələrində daha qabarıq ola bilər. Bu, əmtəə fyuçerslərinə mənfi təsir göstərə bilər. Alıcılar bu il azot və kalium almaq üçün Rusiyanı başqa yerlərlə əvəzləməyə, məsələn Çin azot və fosfata alternativ tapmağa çalışır. Aİ-dən ixrac da azalır, Avropa ölkələri isə Əlcəzair, Misir və Trinidad Tobaqodan alışlarını artırır.