Qarabağ

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb

Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.

Qeyd olunub ki, sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb.

Bundan başqa, gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər: "Bir sözlə, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)