MALİYYƏ

Manatın real və nominal bahalaşması: inflyasiyanı cilovlayaq yoxsa iqtisadi inkişafı düşünək?

Manatın nominal effektiv məzənnəsi inflyasiyaya, real effektiv məzənnəsi isə iqtisadiyyata təsir etdiyindən hər iki göstəricinin ilin sonuna olan səviyyəsi əsasında ENA.az olaraq maraqlı fikirləri oxucularımıza təqdim edirik.

Bahalaşma

Beləliklə, nominal effektiv məzənnə idxal inflyasiyasına təsir edən əsas faktorlardan biridir. 2022-ci il, dekabrın 1-nə olan Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatlarına əsaslansaq, manatın nominal effektiv məzənnəsi ümumi 96.6%-dir, qeyri-neft sektoru üzrə 140.6%-dir! Bizim üçün vacib göstərici  məhz qeyri-neft sektoru üzrə olan rəqəmdir və ötən ilin eyni dövründə bu göstərici 120.0 olub, bahalaşma 20,6%-dir. Ölkəmizə idxal edilən məhsullar qeyri-neft məhsulları olduğundan buradakı nominal effektiv məzənnənin yüksək səviyyəsi idxal inflyasiyasını təzyiqini azaldır.

Rəsmilər hazırda ümumi inflyasiyada idxal inflyasiyasının 50%-nin üstündə olduğunu bildirirlər. Real effektiv məzənnə isə ixrac məhsullarının qiymətinə təsir edir. Burada ümumi göstərici 123.2%, qeyri-neft sektoru üzrə göstərici isə 112.1%-dir. Ötən ilin eyni dövründə analoji olaraq 109,5% və 105,2% olub.

Əlverişli bir pozisiyadır

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüqar Əhmədovun ENA-ya açıqlamasına görə, nominal effektiv məzənnə dinamik bir göstəricidir və ölkələrin valyutasının uçuzlaşması və ya bahalaşması əsasında dəyişir.

“Bu məsələyə iki kontekstdə baxmaq lazımdır: nominal effektiv məzənnə inflyasiyanı məhdudlaşdıran bir amildir. Möhkəmlənməsinin inflyasiyaya əhəmiyyətli təsirləri var. Qiymətləndirmələrimiz var və bu qiymətləndirmələrə görə, 10% nominal effektiv məzənnənin möhkəmlənməsi təxminən 3-3.5 faiz bəndi inflyasiyaya azaldıcı təsir göstərir. Bu, çox müsbət haldır. O ki, qaldı bu parametrlərin iqtisadiyyata təsiri isə fundamental məsələdir və qeyd etmək istərdim ki, statistik məlumatlara görə, hazırda uzunmüddətli bir dövrə nəzər yetirməliyik. 2014-ci illə müqayisə etsək, real effektiv məzənnə 25%, nominal effektiv məzənnə 22% ucuzlaşıb. İdxal-ixraca və iqtisadiyyata təsiri görmək üçün daha uzunmüddətli dövrü nəzərə almalıyır. Hazırda hər iki göstərici üzrə daha əlverişli bir mövqedəyik. Cari ilin dinamikası ilə bağlı isə mən məsələyə daha çox inflyasiya nöqteyi-nəzərindən baxmaq istərdim ki, bu da çox əlverişli bir pozisiyadır”.

Hazırkı bahalaşma...

İqtisadçı ekspert Rövşən Ağayev isə manatın nominal məzənnəsinin əsas tərəfdaş ölkələrin valyutasına əsasən formalaşdığını bildirərək vurğuladı ki, həmin ölkələrin pulu ucuzlaşdıqca, manatın nominal məzənnəsi bahalaşır. “Nominal məzənnə ucuzlaşdıqca idxal inflyasiyası artır. Ona görə də hazırkı bahalaşma müəyyən mənada inflyasiyanı cilovlama effekti yarada bilir. Ölkədə real məzənnənin ucuzlaşmanın baş verməsi üçün manatın nominal məzənnəsi və inflyasiya ticarət tərəfdaşlarla müqayisədə aşağı olmalıdır. Azərbaycan Mərkəzi Bankı qeyd edir ki, 15 ölkə ilə müqayisə əsasında manatın nominal məzənnəsi formalaşır, amma hansı ölkələrdir, bunlar açıqlanmır. Arzu edərdik ki, məlumatlar açıq olsun”.

Ciddi zərbəsi biznesə dəyir

Uçot dərəcəsinin artmasının nəzərə olaraq, manatın məzənnəsini bahalaşdırması ilə bağlı sualımıza isə ekspert, “nəzəri olaraq düz deyirsiniz, amma praktiki olaraq uçot dərəcəsi Azərbaycan bazarına transmissiya olunmur”. 

Onun sözlərinə görə, real effektiv məzənnənin bahalaşmasının ciddi zərbəsi isə biznesə dəyir. Bu o deməkdir ki, məhsul səbəti başqa xarici ölkələrə nisbətən bizdə bahalaşır. Lakin Azərbaycanın qeyri-neft sektorunda ixrac səbəti elə də böyük olmadığından manatın məzənnəsi ilə ixracı stimullaşdırmaq elə də önəmli faktor deyil.   

Türkiyədəki 85% inflyasiyanın Azərbaycan manatına təsiri

Elə isə Azərbaycanın qeyri-neft məhsullarının 70%-nin ixrac edildiyi TOP-5 ölkədəki inflyasiyanın səviyyəsinə də baxmaq lazımdır. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan qərarlaşıb. Bu 5 ölkəyə ümumilikdə 1 milyard 460 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib ki, bu da ümumi qeyri-neft ixracının 3-də 2-sini tutur.

10 ayda Rusiyaya 687 milyon dollar, Türkiyəyə 582,4 milyon ABŞ dolları, Gürcüstana 164,4 milyon dollar, İsveçrəyə 152,5 milyon dollar, Qazaxıstana isə 74,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

TOP-5-likdəki 2 ölkədə - Türkiyə və Qazaxıstanda inflyasiya Azərbaycandan yüksək olub. Noyabrda Türkiyə 85%, Qazaxıstan isə 20% inflyasiya açıqlayıb. Beləliklə, bəxtimiz gətirib ki, bu iki tərəfdaşımızda, xüsusən də Türkiyədə çox yüksək inflyasiya qeydə alınıb. Çünki bu, manatın real məzənnəsinin kəskin bahalaşmasının qarşısını alıb.   

Əsas məqsəd inflyasiyanın qarşısını almaqdır

Qeyd edək ki, bugün dünyadakı inflyasiya rəqəmlərinin sabit proqnozları aşması davam edir və ilin yekununa doğru dünyadakı Mərkəzi banklar yenə də faiz artımına gedəcəklərini bildirirlər. Azərbaycanda inflyasiyanın komfort zonası 4-6 % hesab edilsə də, artıq illik inflyasiya rəsmi olaraq noyabra 14% səviyyəsində açıqlanır. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatında isə illik inflyasiya 14,7% olaraq göstərilib.

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüqar Əhmədov onu da bildirib ki, ölkədə pul siyasətini sərtləşdirməyi ehtiyatlı şəkildə həyata keçirirlər. Bu zaman iqtisadi aktivlik göstəricilərini diqqətdə saxlayırlar. Hədəf - uçot dərəcəsinin bazara təsir etməsinə nail olmaq və ötürücülüyünü gücləndirməkdir. Tənzimləyici qısa və uzunmüddətli faiz vasitəsilə pula tələbi tənzimləməyə çalışır. Əsas məqsəd inflyasiyanın qarşısını almaqdır və burada əsas alətlərdən biri uçot dərəcəsidir. Onun bazara təsirinə nail olmağa çalışan Mərkəzi Bankın Baş direktorunun sözlərinə görə, hazırda banklararası bazarda bu alət işləyir. Qısamüddətli bazara təsiri nəticəsində banklararası bazar vasitəsilə inflyasiyaya müəyyən qədər təsir edir.

“Gələcəkdə inflyasiya hədəflərə düşdükdə uçot dərəcəsini dəyişməklə kreditləşməni aktivləşdirmək üçün təkanverici alətlərdən istifadə ediləcək. Notların həcmini azaltmaq və 25 milyonadək qəp var və lazım gələrsə, həmin qəp yığışdırılacaq. Gözləntiləri biznes bilməlidir ki, buna uyğun öz işini qursun” – deyə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da məsələyə münasibətini belə qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department