“Hər gün eyni 5-10 adamın bankomatın qarşısında dayanıb pul çıxartdığının şahidi olurduq”
Bugünlərdə xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı cinayət və mülki məsuliyyətin sərtləşdirilməsi ilə bağlı Milli Məclisə təkliflər daxil olub. Buna səbəb isə ötən aylarda Azərbaycan banklarının bankomatlarının qarşısında yaranan növbələrdə nağdlaşdırılan böyük pullar olub.
Belə ki, Rusiya vətəndaşları hesablarındakı valyutanı çıxara bilmirlər, bunun qarşısını almaq üçün müəyyən limitlər tətbiq edilir. Üstəlik, Rusiyada Mastercard və Visacard fəaliyyətini dayandırdığından bu vəsaitlərin çıxarılması üçün Rusiya vətəndaşları müxtəlif yollar axtarırlar. Bunlardan biri pulköçürmələrdir. Qurulan mexanizm belə olub ki, onlar Azərbaycanda yaşayan şəxslərlə əlaqə yaradaraq hesablarındakı valyutanı hissə-hissə həmin şəxslərin kart hesablarına köçürüblər. Təbii ki, bunun qarşılığında müəyyən faizlər ödəmək şərti ilə bir qrup Rusiya vətəndaşı valyutasını çıxartmağa müvəffəq olub. Sonra bu şəbəkə böyüyüb və artıq gün ərzində Azərbaycandakı bankomatlardan çıxarılan valyutanın həcmi kifayət qədər böyük rəqəmlərə çevrilməyə başlayıb.
“Hər gün eyni 5-10 adamın bankomatın qarşısında dayanıb pul çıxartdığının şahidi olurduq. Eyni adamlar hər gün müxtəlif vaxtlarda 1 min dollar çıxardırdılar. Bilirsiniz ki, bankomatlardan çıxarılan pulun maksimum limiti min dollardır. Bu vəziyyət bir neçə bankda da qeydə alınmışdı və bu barədə Daxili İşlər Nazirliyinə məlumat verdik”, - deyə bank sektorundakı etibarlı mənbə ENA.az-a bildirib.
Əldə etdiyimiz məlumata görə, ölkəmizin hüquq-mühafizə orqanları artıq belə bir mütəşəkkil qruplaşmanı ifşa edib.
Bundan sonra isə qanunda olan müvafiq boşluqların aradan qaldırılması və ölkənin maliyyə sektoru üçün analoji vəziyyətlərin yarada biləcəyi risklərin qarşısını almaq məqsədilə qanunvericiliyə müəyyən dəyişiklik və əlavələrin edilməsi təklif edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin plenar iclasına tövsiyə etdiyi Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil etmiş fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət–hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməni təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.