TURİZM

Əl yükü üçün yer pulu ödəyərsinizmi?

Almaniyanın Condor aviaşirkəti əl yükü üçün rəfdə yer üçün əlavə ödəniş tətbiq edib.

Yeni xidmət noyabrın 1-dən istifadəyə veriləcək. Sərnişinlər çamadanını oturacaqların üstündəki baqaj rəfinə qoymaq imkanı üçün 9,99 avro ödəməli olacaqlar.

“Çox vaxt ekonom siniflərdə salonda əl yükü üçün yer tapmaq çətin olur. İnsanlar imkan daxilində çantalarını və ya çamadanlarını yerləşdirməyə çalışırlar. İndi müştərilərimiz öz saxlama yerlərini əvvəlcədən rezerv edə bilərlər və rəflərdə boş yer axtarmaq məcburiyyətində deyillər”, - Condor-un baş direktoru Ralph Tekentrup izah etdi.

Bu xidməti almasanız, yenə də oturacağın üstündəki kupedən istifadə edə biləcəksiniz. Amma kifayət qədər yer yoxdursa, sərnişin çantanı stulun altına və ya dizlərinin üstünə qoymalı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)