Qarabağ

Qarabağda 50 min hektar ərazidə əkin aparılıb - NAZİR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 50 min hektarda yazlıq və payızlıq əkinləri aparılıb.

ENA.az xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir qey dedib ki, növbəti mövsümdə əkin ərazilərinin daha da artırılması üzrə tapşırıqlar verilib, hazırda aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır. Həyata keçirilən böyük infrastruktur layihələri - yolların, hava limanlarının inşası Azərbaycanın logistik imkanlarını genişləndirib. Bu imkanlardan region dövlətləri, o cümlədən dost ölkələr yararlana bilərlər. İşğaldan azad olunmuş əraziləri dövlət başçısı "Yaşıl Enerji Zonaları" elan edib. Bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür, aqrar sahənin inkişaf perspektivləri böyükdür".

"Hələ işğaldan əvvəlki dövrdə Qarabağ bölgəsinin böyük aqrar potensialı olub, burada heyvandarlıq və əkinçiliyin inkişafı üçün münbit şərait var. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması həyata keçirilib", - İ. Kərimov deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)