Azərbaycanda orta əməkhaqqı açıqlandı
2022-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1719,1 min nəfər olub, onlardan 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.