Kredit şərtlərində nə dəyişdi, kredit necə hərracla verilə bilər?
Azərbaycan Mərkəzi Bankı “kredit qaydaları”nda dəyişikliklər etdi. Kreditlər hərracla veriləcək, bunun sıravi Azərbaycan vətəndaşının borc götürməsinə təsiri varmı? Belə suallar səslənir.
Məsələ burasındadır ki, bu qaydalarda söhbət Azərbaycan Mərkəzi Bankının mərkəzləşdirilmiş şəkildə banklara verdiyi kreditlərdən gedir. Yəni, bu dəyişikliyin fiziki şəxslərə, əhaliyə aidiyyəti yoxdur.
Bəs nə dəyişib?
Əvvəllər banklar vəsaitə ehtiyacı olduqda özünümaliyyələşdirmə məqsədilə Azərbaycan Mərkəzi Bankına müraciət edirdi. Mərkəzi Bank da İdarə Heyətində üç gün ərzində bu məsələyə baxır və həmin banka kredit ayırırdı və ya imtina edirdi.
Dəyişiklikdən sonra bank kredit istəsə bununla bağlı müraciətlərə hərracda baxılacaq. Yəni bank ehtiyacı olan vəsait barədə Bloomberg platformasında keçiriləcək hərraca (valyuta hərracı da bu platformada keçirilir və buna birjadan kənar əməliyyatlar deyilir-red) təklif verəcək. Təklifdə bankın bu vəsaiti hansı faizlə istədiyi barədə hissə də olacaq. Amma hərraca hər bir bank təklif verə bilməyəcək, çünki mərkəzi bankdan borc alıb, qaytarılmasını gecikdirən və prudensial hesabatlılğında nöqsanlar olan banklar bu alətdən kənarda qalacaq.
Həmçinin əvvəllər hərracdankənar kreditlərin müddətinə məhdudiyyət yox idi, hərraclar vasitəsilə isə kreditlər maksimum 30 gün müddətinədək verilə bilərdi. Yeni qaydalara görə, hərracdan kənar kreditlər 360 günədək, hərraclar vasitəsilə kreditlər isə 180 günədək verilə bilər. Kreditlər üzrə faiz isə uçot dərəcəsi üzrə faiz dəhlizinin yuxarı həddi ilə uyğun olmalıdır.
Qeyd edək ki, bu kreditlər birdəfəlikdir və müddəti də uzadılmır. Əvvəllər də olduğu kimi, kredit hərracının keçirilməsi zərurət yaranarsa, bu barədə qərar Mərkəzi Bank tərəfindən qəbul edilir. Hərracın keçirilməsi proseduru ilə bağlı qaydalarda heç bir dəyişiklik edilməyib, yəni valyuta hərracının keçirilməsi sxemi ilə eynidir.
ENA Maliyyə qrupu