"Məhkəmələr uzun çəkdiyinə görə problemi belə həll edirik" - YENİLİK
Azərbaycanda getdikcə daha çox sahibkar və iş adamı biznes mübahisələrini fərqli üsullarla həll etməyə çalışır.
"BI" xəbər verir ki, bunun səbəbi ənənəvi mübahisə üsulunun - məhkəmələrin bəzi hallarda biznes tələbatlarına cavab verməməsidir. Məhkəmə araşdırmalarının və icra prosesinin uzun çəkməsi nəticəsində mübahisələrin həlli üün daha çevik üsullar ortaya çıxıb. Bunun biri də mediasiya – mübahisələrin danışıqlar yolu ilə həllidir.
Mediasiya üzrə mütəxəssis Ruslan Mirzəyev bildirir ki, son aylar mübahisələrin mediasiya yolu ilə həllinə maraq artmaqdadır: Bunlar əsasən əmlak mübahisələri, zərərvurmadan yaranan mübahisələr və sairdir. Məsələn, bir şəxs digərinə zamin durmuşdu, qarşı tərəf də öhdəliyini yerinə yetirmədiyinə görə, zaminə zərər dəymişdi. Belə bir iddia vardı. Qonşular arasında, binanın sakinləri və onu idarə edən kooperativ arasında, müqavilə öhdəlikləri ilə bağlı mübahisələr olub. Və bu mübahisələr mediasiya yolu ilə həll edilib».
R.Mirzəyevin sözlərinə görə, belə şəxslər mübahisələrin məhkəmədənsə, mediasiya yolu ilə həllinə üstünlük veriblər.
Bunun bir neçə səbəbi var. Əvvəla məşkəmə orqanları mübahisənin tərəflərin marağına uyğun şəkildə həllinə deyil, tam qanuni yolunu axtarır:
«Yəni məhkəmədə tərəflərin maraqlarını nəzərə alaraq həll yolları təklif etmək mexanizmi yoxdur. Məhkəmə hüquqi cəhətdən kimin haqlı və ya haqsız olduğunu müəyyən edir. Mediasiya zamanı isə tərəflər elə bir həll tapmaq istəyirlər ki, hər iki tərəfin maraqlarına uyğun olsun».
Digər səbəb odur ki, aylarda davam edən məhkəmə araşdırmasından fərqli olaraq mübahisələrin mediasiya ilə həlli daha sürətlidir – bir gün ərzində məsələ həll olunur: «Bundan başqa, mediasiya nəticəsində əldə olunan nəticə, yəni barışıq sazişinin icrası, məhəmə qərarı kimi uzun müddət çəkmir».
Belə ki, adətən tərəfdən mediasiya nəticəsində əldə edilən razılaşmanı könüllü icra edirlər. Bu səbəblərə görə, tərəflər mediasiyaya müraciət edirlər.
Mediasiyaya ən çox müraciət edənlər arasında podrat müqavilələrinin yerinə yetirilməsindən narazı qalanlar da var.
Ruslan Mirzəyev deyir ki, bu üstünlüklərinə görə, hətta bəzi tərəflər mübahisədə iddia etdikəri məbləğin bir hissəsindən imtina etməyə hazırlarlar ki, mübahisə tez həll olunsun.
Amma müdiasiya prosesində söhbət heç də həmişə məğləğdə güzəştdən getmir. Bəzi hallarda güzəşt başqa formada olur: «Tutaq ki, tərəflər razılaşırlar ki, bir tərəf başqa bir tərəfin obyektini işlədəcək və əldə olunan gəlirin bir hissəsini ona verəcək. Amma tərəfər arasında etimad problemi olduğuna görə, fikir yarana bilər ki, qarşı tərəf onu aldadır və sair. Qarşılıqlı itihamlar olur, məsələn biri deyir ki, qarşı tərəf dövriyyəsini gizlədir, digəri deyir, obyekti yaxşı saxlamır və sair. Belə halda mediasiya zamanı qərara qəbul edilə bilər ki, obyektin sahibinə mənfəətdən asılı olmayan sabit haqq ödənilsin. Qarşı tərəfin marağını təmin etmək üçün isə qərar verilir ki, obyektin icarəsi üzrə uzunmüddətli müqavilə bağlasın. Və uzun müddətə razılaşsın və sair».
Ruslan Mirzəyev bildirir ki, mediasiyanın təbliği aparılsa, bu sahəyə müraciət edənlərin sayı artacaq. Bu məsələ Strateji Yol Xəritələrində də əksini tapıb: «Burada nəzərdə tutulur ki, «Mediasiya haqqında» qanun qəbul edilsin və mediasiyanın sayı 2 dəfə artsın. Bununla bağlı tədbirlər görülür və ümid edirik ki, bu il ərzində nəticələr verər».
Qeyd edək ki, hazırda «Mediasiya haqqında» qanun layihəsi hazırlanır. Doğrudur, hazırda qüvvədə olan qanunvericilik tərəflər arasında danışıqlara və barışığa imkan verir, amma bəzi məsələlər tənzimlənmir.
Yeni qanun layihəsində isə mediasiya ilə bağlı indiyədək açıq, yəni qeyri-müəyyən qalan bir neçə məsələyə aydınlıq gətirilməlidir: «Məsələn, mübahisələr mediasiyaya hansı hallarda gəlməlidir - məcburi qaydada, yəni bu üsula müraciət etmək məcburi ola bilərmi? Və ya məhkəmə hakimi tərəfləri mediasiyaya göndərə bilərmi?».
Mediasiya aparacaq şəxslərlə bağlı tələblər də dəqiqləşməlidir: «Medatorlar attestasiya olunmalıdırmı ya yox, kimi məsələlər qanunda əksini tapmalıdır».
Yeni qanun layihəsində bütün bu suallara aydınlıq gətirilməlidir.