Neft ucuzlaşır - SON QİYMƏT
Bugün səhər saatlarında neft qiymətləri əvvəlki günün ticarət nəticələrində kəskin enişdən sonra ucuzlaşmağa davam edib. Bazar yanacağa olan tələbata mənfi təsir göstərə biləcək iqtisadi artımın ləngiməsi perspektivlərindən narahatdır.
Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə olan Brent neftinin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 99,08 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,95 dollar (0,95%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 93,12 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,77 dollar (0,82%) azdır.
Schneider Electric-in baş əmtəə analitiki Brian Swan, WTI fyuçersləri kontrakt satışlarına artan marağın fonunda bu həftə bir barel üçün 93 dollar ətrafında dəyişməsini ehtimal edir. “Neft sənayesi tənəzzül qorxusundan və Liviyada hasilatın artması ilə bağlı xəbərlərdən donub qaldı”, - deyə o, əlavə edib.
Kotirovkalara təzyiq göstərən digər hadisə Çin və ABŞ-dan sənaye fəaliyyəti ilə bağlı statistik məlumatlar olub.
İyulda Çində sənaye sektorunun aktivlik indeksi gözlənilmədən 50 bənddən aşağı düşüb. ABŞ-da istehsal sektorunda işgüzar aktivliyin iyul ayı göstəricisi 50 baldan yuxarı qalsa da, son iki ildən bəri ən aşağı səviyyədə olub - 52,8 bal.
Bazar OPEC+ nazirlərinin çərşənbə günü keçiriləcək növbəti görüşünün nəticələrini gözləyir.