Bank

Azərbaycanın sistem əhəmiyyətli dövlət bankının vəziyyəti necədir? - HESABAT

Ölkənin ən böyük sistem əhəmiyyətli bankı Azərbaycan Beynəlxalq Bankı bu ilin ilk altı ayını ehtiyatlı davranma siyasəti ilə yola salmağa çalışıb. Bir faktı vurğulamaq yetər ki, bu ilin ilk yarısında bank pulunu digər maliyyə qurumlarında depozit kimi yerləşdirməyə üstünlük verib və bu həcmi 5 dəfə artırıb, halbuki kredit portfeli cəmi 11% yüksəlib.

Maliyyə vəziyyəti haqqında hesabata görə, 2022-ci ilin yanvar-iyun aylarında “Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 5,2% artaraq 12 milyard 82,955 milyon manata çatıb. Əsas artım qeyd etdiyimiz kimi, başqa maliyyə təşkilatlarındakı depozitlərin həcmində olub və bank aprel-iyun aylarında 17 milyon 687 min manatlıq qiymətli kağızlar alıb.  

Aktivlərdə hazırda ən böyük həcm hələ də nağd və bloklaşdırılmış vəsaitlərdir – 4 milyard 259 milyon manat. Qeyd edək ki, ötən altı ayda bu kateqoriya vəsaitlərin həcmi 2 milyard manatdan çox azalıb.

Kredit portfelinə gəlincə, I yarımillikdə bankın kredit portfeli 11% artaraq 3 milyard 440,840 milyon manata çatıb. Ən böyük artım istehlak kreditlərindədir - 11,8% və nəticədə hazırda bank bu məqsədlə əhaliyə 870,792 milyon manat borc verib. Biznes kreditləri 11,7% çoxalıb və 1 milyard 772,984 milyon manata yüksəlib. Daşınmaz əmlak krediti üzrə 8,6% artımla bank əhaliyə 797,065 milyon manat borc verib.

2022-ci il, iyulun 1-nə bankın öhdəlikləri 4,7% artaraq 10 milyard 523,437 milyon manat olub. Bunun 9 milyard 120,483 milyon manatı depozit portfelində cəmləşir. Rəqəmlərin müqayisəsi göstərir ki, bank ötən 6 ayda əlavə 517 milyon manat depozit qəbul edib ki, bu da 8,5% artım deməkdir. Yerigəlmişkən artım həm fiziki, həm də hüquqi şəxslərin hesablarında qeydə alınıb. 

Hazırda ABB-nin nizamnamə kapitalı 1 milyard 225,648 milyon manat, cəmi kapitalı 1 milyard 559,517 milyon manatdır. İkinci rübün sonuna bankın bölüşdürülməmiş mənfəəti 179 milyon 707,99 min manatdır ki, bu da kapitalda oturur.

Mənfəətdən söz düşmüşkən, ABB ötən altı ayı 118 milyon 417,3 min manat məbləğində xalis mənfəətlə başa vurub, bu 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1% azalma deməkdir. Bankın faiz gəlirləri 253 milyon 856.17 min manat, faiz xərcləri 35 milyon 661.32 min manat, qeyri-faiz gəlirləri 81 milyon 640.19 min manat, qeyri-faiz xərcləri 124 milyon 830.11 min manatdır.

Faiz gəlirlərinin 174 milyon 438.52 min manatı kredit verdiyi pullardan əldə edilib. Qeyri-faiz gəlirlərində isə 45 milyon 830.38 min manat qazanc valyuta satışı və məznnə dəyişikliyinin payına düşür. Bankın qeyri-faiz xərclərində isə ən böyük pay əmək haqqı fondunundur - 59 milyon 678.57 min manat. Qeyd edək ki, ötən ilin analoji dövrü üzrə bu rəqəm 45.518 min manat göstətilir, bu isə heç məntiqə uyğun deyil! 

Bank ehtiyatlara ayırmaları 35 dəfə artıraraq 1 milyon 355 min manatdan 35 milyon 371 min manata çatdırıb. Bank 21 milyon 216 min manat mənfəət vergisi ödəyib.

Bildirək ki, bank 6 aylıq hesabatını tam açıqlamayıb və bu da ətraflı təhlilə imkan vermir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır.

ENA.az Maliyyə qrupu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)