2019-cu ilə bank sektoru hansı problemlərlə başladı?
2019-cu ilə bank sistemi hansı vəziyyətdə daxil oldu. Ötən ildən qalma hansı problemlər bu il yenə gündəmdədir?
"BI" bu məsələyə dair maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin baxışlarını təqdim edir.
Müsbət tendensiyalar sırasında heç bir bankın bağıanmadığını, kredit məhsullarının aktivləşməsini, bəzi banklarda kapital artımının baş verməsini, xüsusilə bankların maliyyə ehtiyaclarına dəstək vermək üçün Mərkəzi Bankın dəstəyini vurğulamaq olar. Sektorun problemləri də az deyil və bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
- Bank aktivlərində kredit qoyuluşlarının payı azalmaqda davam etdi. Hazırda aktivlərdə kreditlərin payı 40% təşkil edir. Bu, o deməkdir ki, banklar əlindəki pulları tam olaraq iqtisadiyyata yönəltməkdə maraqlı deyillər.
- İkinci mənfi tendensiya odur ki, istehlak kreditlərinin payı yenidən artmağa başladı. Halbuki 2018-ci ilə qədər istehlak kreditlərinin çəkisi azalmaqda davam edirdi və 41 faizə qədər düşmüşdü. Bizim iqtisadiyyatımız üçün istehlak kreditlərinin artması arzuolunan deyil, çünki yerli istehsalımız ərzaq məhsulları ilə bağlıdır və istehlak kreditlərinin artması ilə daha çox xarici sahibkarları dəstəkləyirik.
- Üçüncü, bankların öhdəliklərində depozitlərdən asılılıq davam etdi. Yəni bir mənbədən asılılıq getdikcə yüksəlir.
- Bankların qiymətli kağızlara yatırımı artdı, burada mənfi tərəf odur ki, banklar iqtisadiyyatın aktiv kreditləşməsinə deyil, passiv kreditləşməyə üstünlük verdilər.
- Banklarda izafi likvidlik böyükdür, xüsusən depozitin kreditə nisbəti çox yüksəkdir. Məsələn, 2013-cü ildə təxminən 15 milyardlıq kreditə qarşı 12 milyardlıq depozit vardısa, bu gün 22 milyardlıq depozitə qarşı 12 milyardlıq kredit var. Nəticədə, bank sektorunda yüksək izafi likvidlik yaranıb və bu sektor üçün çətinliklər yarada bilər.
- Problemli kredit məsələsi 2018-ci ildə də həllini tapmadı və bu çətin sınaq 2019-cu ilə keçdi. 2019-cu ildə bankları problemli kredit, depozit portfelinin reallaşdırılması ilə bağlı çətinliklər gözləyir.