Maaşlar artıb, amma pensiya...
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb.
"BI" xəbər verir ki, iqtisadçı - ekspert Vüqar Bayramov bildirib ki, bu aydan pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır:
“Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğundur”.
Ekspert bildirib ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqındakı artım, gəlirlərin artımını tam ifadə edə bilmir:
“2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqındakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Əgər təklif etdiyim ki, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa, o zaman indeksasiya nəticəsində pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər”.