Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsinin rəhbəri dəyişib
Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi – “Assan-STP Panel” MMC-yə yeni direktor təyin edilib.
ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Mehmet Barıs Okyay “Assan-STP Panel” şirkətin direktoru təyin edilib. O bu vəzifədə Ali Kemal Pamiri əvəz edib.
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holding”ə aid “Assan Panel Sanayı ve Ticaret A.Ş.” (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə 2021-ci ilin ilk rübündə müqavilə imzalayıblar. “Assan-STP Panel” MMC isə şirkət kimi 2021-ci ilin mayında yaradılıb, onun nizamnamə kapitalı 3 400 000 manatdır.
“Assan-STP Panel” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq. “Dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan “Assan Panel”in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir”- deyə, STP-nin fevraldakı press-relizində deyilirdi.