Bank

Azərbaycandakı VTB Bank-dan əhali pullarını sürətli şəkildə geri çəkib: 15 bankın depozit portfeli azalıb

Azərbaycan banklarının borclar (öhdəliklər) strukturunda depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 81.4%-i və ya 28 milyard 259.2 mln. manatı depozitlərdir.

ENA.az xəbər verir ki,  hüquqi şəxslərin depozitləri 18 milyard 058.4 mln. Manat, əhalinin banklarda olan əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) həcmi isə 10 milyard 200.8 mln. manat təşkil edib.

Əhalinin əmanət portfelinin 53.9%-i (5,501.6 mln. manat) fiziki şəxslərin müddətli şərtlərlə yerləşdirdiyi pullardır və 42.3%-i dollarladır. ENA.az-ın hazırladığı müqayisəli renkinq cədvəlinə görə, bu ilin yanvar-fevral ayında Azərbaycanın 26 bankından 15-də əmanətlərin həcmində azalma baş verib.

Maraqlıdır ki, ümumi tendensiyada əmanətlərin həcmi artsa da, ölkə banklarının yarısından çoxunda “əmanət kisəsi” kiçilir. Ən pis vəziyyət isə Ukrayna-Rusiya müharibəsi nəticəsində sanksiyalara məruz qalan VTB Bankda qeydə alınıb. 2022-ci ilin əvvəlinə bankın depozit portfeli 88,8 milyon manat olduğu halda, mart ayının sonuna 26,3 milyon manat pul geri çəkilib və 62,5 milyon manat qalıb.

Nəzərə alaq ki, 42%-lik bu azalma hələ son deyil və rəqəmlər yəqin ki, əriməyə davam edəcək. Depozit portfelinin artım dinamikasına görə TOP-3 banklar isə bunlardır: Ziraat Bank Azərbaycan ASC, Bank Avrasiya ASC, PAŞA Bank ASC.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department