Sosial iqtisadiyyat

Fond kapitalı toplanan azərbaycanlıların sayını açıqladı

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 806 nəfər və ya 4,8 faiz artıb.

BI xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2019-cu ilin 1 yanvar tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 3 736 551 nəfərə çatıb.

Fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində öz fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini də artırmış olur.

Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.

İstifadəyə verilən “e-sosial” internet portalının üstünlüklərindən biri kimi, vətəndaşlar bu portalda onlara aid digər məlumatlarla yanaşı,  “Fərdi şəxsi hesab” bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə məlumat da əldə edə bilirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)