Azərbaycanda ətlə özünütəminetmə səviyyəsi 85%-dir
Azərbaycan hökuməti son illərdə yerli istehsal hesabına əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsində müəyyən irəliləyiş olduğunu qeyd edir.
“2021-ci ilin sonunda ölkədə ət və ət məhsulları ilə özünütəminat 85 faiz təşkil edib. Digər əsas ərzaq məhsulları, məsələn, kartof üzrə özünütəminat 91%, tərəvəz - 110%, meyvələr - 116%, üzüm - 96%, yumurta - 100% səviyyəsindədir", - hökumətdən bildirilib.
Hökumətin fikrincə, bu nəticələr istehsalçıların subsidiyalaşdırılması, güzəştli kreditləşdirilməsi, gömrük və vergi güzəştlərinin fəal siyasəti nəticəsində əldə edilib.
O cümlədən, ötən il 1 milyon 274,2 min hektar əkin sahəsinin becərilməsinə və çoxillik bitkilərin becərilməsinə görə 401,6 min fermerə ümumilikdə 247 milyon 279,7 min manat subsidiya verilib; 223 ting və toxum istehsalçısına 6 milyon 658,4 min manat subsidiya verilib.
Bundan əlavə, 47,1 min fermerə süni mayalanma yolu ilə əldə etdikləri 90,7 min baş iribuynuzlu mal-qaraya görə 9 milyon 67,4 min manat subsidiya; 22,2 min arıçıya 5 milyon 313,25 min manat subsidiya verilib.
2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və İnkişafı Agentliyi tərəfindən aqrar sahədə çalışan 4,5 min hüquqi və fiziki şəxsə 71,5 milyon manat güzəştli kredit verilib.
Eyni zamanda, fermerlər tender yolu ilə və ya lizinq yolu ilə götürdükləri 8,2 min ədəd kənd təsərrüfatı texnikasının alınmasına görə güzəştlər, o cümlədən kredit faizləri üzrə 80 milyon manat subsidiya alıblar. Həmçinin 7,3 min baş damazlıq heyvanın alınması üçün 200 sahibkarlıq subyektinə 17 milyon manat güzəştli kredit verilib.