"Bu il Azərbaycanda ÜDM-in həcmi ilk dəfə 100 mlrd manatı ötəcək"
Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcminin 102 milyard manata çatması gözlənilir.
ENA.az xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilib.
Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 % səviyyəsində reallaşması gözlənilir: “İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”.
“Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım 3,3 %, 2024-cü ildə 3 %, 2025-ci ildə isə 2,9 % səviyyəsində reallaşacağı, ÜDM istehsalının isə müvafiq olaraq 111,6 milyard manata, 121,6 milyard manata və 133,7 milyard manata çatması gözlənilir.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal olunub. Belə ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8 % artıb.
ÜDM istehsalının 42,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6 % artaraq 9 269 manat olub.