Ukrayna və İran böhranı həll olunsa, neft bazarı çökəcək - bugünə olan qiymətlər
Bugün neft qiymətləri əvvəlki sessiyanın nəticələrindən sonra yeddi ilin ən yüksək həddini tərk etdikdən sonra bir qədər ucuzlaşıb.
Bazarın diqqəti Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı fevralın 8-də davam etdiriləcək danışıqlara yönəlib. Bloomberg xəbər verir ki, investorlarda İrana rəsmi olaraq neft ixracını bərpa etməyə imkan verəcək razılığa gələcəyinə dair nikbinlik artır.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, ABŞ prezidenti Co Bayden administrasiyası Tehranı ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə əməl etməyə qaytarmağa çalışaraq, İranda mülki nüvə layihələrinə dair bir sıra sanksiyaları ləğv edib.
Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 92,53 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,16 dollar (0,17%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 91,24 dollar təşkil edir ki, bu da bazar ertəsi sessiyanın yekun dəyərindən 0,08 dollar (0,09%) aşağıdır.
Treyderlərin diqqət mərkəzində hələ də Ukrayna ətrafındakı vəziyyətdir. Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə “Şimal axını 2” qaz kəmərinin işə yaramayacağını bildirmişdi.
"Ukrayna ətrafında böhranın aradan qaldırılmasında və ya İranın nüvə proqramı üzrə danışıqlarda sıçrayış görməyincə, neft bazarında əhəmiyyətli "soyutma" gözlənilməməlidir", - Vanda Insights-ın Sinqapurdakı təsisçisi Vandana Hari bildirib ki, bunlardan biri baş verərsə, bazar kəskin enişlə üzləşəcək”.