Bir il əvvəl bağlanması gözlənilən BTB-nin maliyyə vəziyyəti necədir? - TƏHLİL
Azərbaycanda hazırda bir neçə bank var ki, onların “həyat və yaradıcılığı” çox maraq doğurur. Xüsusən də sahiblərinin məmur rütbələri kifayət qədər kiçiləndən sonra bu banklar necə işləyir, gedirlər, yoxsa qalacaqlar?!
Məsələn, bir il əvvələ kimi “Bank BTB”nin (Mehdiyevlərin bankı kimi məşhurdur-red) bu bankın bağlanacağını daha çox düşünənlər vardı. Lakin sonradan bankda müəyyən dəyişikliklər aparıldı, səhm paketində əl dəyişmələr baş verdi və bu, menecmentin “performansını” görünür ki, yüksəltdi.
Bu silsilədən “Bank BTB” ASC 2021-ci il üzrə hesabatına baxacağıq. Əvvəlcədən qeyd edək ki, hesabatı mümkün qədər sıxıblar.
Balans hesabatı göstərir ki, 2021-ci ildə aktivlərini 1,7% - 362,062 milyon manata qədər artırıb. Başqa sözlə, bir ildə aktivlər 6 milyon manat çoxalıb. 2021-ci il dekabrın 30-na bankın kredit portfeli 21% böyüyüb və 251,054 milyon manatdır. Daha sadə desək, kredit portfeli 45 milyon manat yüksəlib. Bu o deməkdir ki, bir ildə likvid saxladığı vəsaitləri çəkib, yəni daha ucuz, ancaq risksiz vəsaitlərini geri çəkərək, daha riskli və daha gəlirli olan aktiv kreditləşməyə yönəldib. Aktivlərin tərkibinə baxsaq görərik ki, bank başqa maliyyə qurumlarındakı 21 milyon manat depozitinin 13 milyonunu geri çəkib, qiymətli kağızların 12 milyonunu sataraq həmin vəsaitləri kredit verib. Bu isə o deməkdir ki, bankın hazırda bağlanma ehtimalı minimaldır və öz qarşısına uzunmüddətli məqsədlər qoyub.
Bankın öhdəliklərində 1,6% artım var, cəmi 307,043 milyon manatdır. Bunun 48%-ni depozitlər təşkil edir. Hesabat dövrünün sonuna bankda depozitlər 5,8% artaraq 147,433 milyon manat olub.
“Bank BTB”nin kapitalı bir ildə 1 milyon manat artaraq 55,019 milyon manata (artım 1,9%) çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 66,45 milyon manat təşkil edir. Bankın ötən illərdən formalaşmış 14,973 milyon manat zərəri mövcuddur.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 546 min manat (bir il əvvəl zərər 9 milyon 130 min manat) təşkil edib. Müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri 25 milyon 315 min manat olub. Alınan depozitlər üzrə faiz ödənişi xərci isə 10 milyon manat təşkil edib. Əməliyyat mənfəəti 136 min manat, aktivlər üzrə ehtiyatlara ayırmalar isə 410 min manat olub. İl ərzində bankın əməliyyat aktivləri 20 milyon manatdan çox azalıb. Maraqlıdır ki, bank məzənnə fərqi üzrə rəqəmi “0” göstərib. İlin sonuna pul vəsaitlərinin həcmində 7 milyon manata yaxın azalma baş verib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.