TURİZM

Azərbaycana gələnlər pul xərcləyən turistlərdir - MÜSAHİBƏ

Azərbaycanın turizm gəlirləri üzrə hədəfi neft-qaz sektorundan sonra ikinci olmasıdır. Bu sahədə 2018-ci il struktur yenilikləri ilə yadda qalacaq, turistlərin məmnunluq və xidmət keyfiyyəti ilə bağlı görüləcək işlər isə hələ çoxdur.

Bunu müsahibəsində Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadə deyib.

- Azərbaycan turizmdən gəliri daha çox yay və qış mövsümündə götürür, düzdürmü? 

- Hazırda, bəli, amma hədəfimiz belədir ki, Azərbaycanda turizm mövsümsüz olsun. İnvestor sərmayə qoyur və əgər il ərzində gəlir əldə edə bilsə, qiymətlər də düşəcək. “Şahdağ”ın fəlsəfəsinə baxın, əvvəlcə qış kompleksi yaradılmışdı, indi isə qış-yay kompleksi kimi işləyir.  

- Sərmayə demişkən, Azərbaycanın turizm sektorunda xarici sərmayənin payı varmı? 

- Xarici sərmayə var, xarici investisiyaların təşviqi ilə bağlı bu ildən yeni investisiya axını gözləyirik. Yeri gəlmişkən, vurğulamaq istərdim ki, sərmayə qoyanda uzunmüddətli hədəflər nəzərdə tutulmalıdır, yoxsa qoyduğu pulu bir mövsüm ərzində çıxarmağa çalışmasınlar, bu gələcək planlar üçün yaxşı nəticələr vermir, uzunmüddətli sərmayələr tələb olunur.

Ölkəyə turist gəlməsi valyuta deməkdir, üstəlik, gələn xarici ölkədə də pul xərcləyir. Qeyd edim ki, əslində, Azərbaycanı burada turistlərin xərclədiyi pulun həcminə görə Gürcüstanla müqayisə etsək, oraya gələn turistlərin sayı bizdən çox olsa da, xərclənən vəsaitin həcmi çox yaxındır. Azərbaycana gələn turistlər pul xərcləyən turistlərdir, bu isə gəlirdir və valyuta mənbəyidir.

- Bəlkə, Azərbaycanda yaradılan turizm infrastrukturu çox bahalıdır? 

- Bəli, onun da payı var, amma yeni çağırışlara görə, orta və az büdcəli turizmin inkişafına böyük ehtiyac yaranıb. Bu, o demək deyil ki, bahalı turizm sahəsində Azərbaycanda artıq bütün tələblər ödənilib. Azərbaycanda hələ də dörd və beş ulduzlu hotellərin tikilməsinə ehtiyac var.

Təbii ki, vacib istiqamətlərdən biri də indi daha çox üç və ondan aşağı ulduzlu hotellərin tikilməsidir. Bunun üçün hökumətlə müəyyən vergi güzəştləri müzakirə edilir, kreditləşmə imkanları araşdırılır. 

- 2018-ci ilə yekun vursaq, turizm sahəsində hansı əlamətdar hadisələri qeyd edərdiniz?

- 2018-ci il, ümumiyyətlə, yeniliklər ili idi, o cümlədən, struktur yenilikləri. Cənab prezidentin fərmanı ilə bu il Dövlət Turizm Agentliyi yaradıldı və turizm sahəsində mərkəzi idraəetmə strukturunun funksiyaları bizə həvalə olundu. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilən qurumlar 20-dən çoxdur, onların arasında təhsil ocaqları, qoruqlar, Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Bürosu, Konqreslər Bürosu, Milli Kulinariya Mərkəzi, “Şahdağ” kompleksi var.

Bundan əlavə, dekabrda Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi yaradıldı. Oktyabr ayında Azərbaycanda birinci turizm sammiti keçirildi və yeni turizm brendi, 2018-2023-cü illəri əhatə edən turizm konsepsiyası nümayiş etdirildi.

Konsepsiyaya görə, Azərbaycan mövcud olduğu regionda aparıcı turizm məkanına, istiqamətinə çevrilməlidir, baxmayaraq ki, qonşumuz Gürcüstanla müqayisədə, turizmin startını bir az gec vermişik, yenə də hədəfimiz birinci olmaqdır. Qeyd edim ki, bu məqsədlə dekabr ayından başlayaraq, Azərbaycanın altı ölkədə rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir, 2020-ci ilin sonuna qədər onların sayı 10-a çatdırılacaq. 

- Altı nümayəndəlik hansı ölkələrdə açıldı?

- Çində, Hindistanda, Səudiyyə Ərəbistanında, Ərəb Əmirliklərində, Almaniya və Rusiyada. Marketinq üçün ümumən hədəf bazarı olaraq 18 ölkə seçilib. Bu bazarların hamısını öyrənmək üçün işlərə başlamışıq və artıq beş bazar üzrə işlər yekunlaşıb, nəticələr var. Bu nəticələrə uyğun olaraq da təbliğat kampaniyaları qurulacaq ki, daha çox turist cəlb edək. 

- Statistikaya baxsaq, ən çox turist haradan gəlir? 

- Ümumən 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələn turistlərin sayında altı faiz artım var. Ənənəvi olaraq daha çox Rusiya vətəndaşlarıdır və başa düşürük ki, onlar sırf turist deyillər, çünki aralarında həmvətənlərimiz var, onlar da turizm xidmətlərdən tam istifadə etmirlər, amma böyük hissəsini turistlər təşkil edir.

Yaxın Şərqdən 2017-ci ildə 249 min turist gəlmişdisə, bu il 345 min olub. Asiyadan 125 min idisə, 2018-ci ildə 240 minə yüksəlib.  Ən çox turist axını olan ölkələrdən - Ərəb Əmirliklərindən 81 min, Səudiyyə Ərəbistanından 70 min, İraqdan 64 min, Pakistandan 37 min, Qazaxıstandan 35 min, Hindistandan 35 min, Türkmənistandan 25 min turist gəlib.

Pakistan və Hindistandan ilk turist axını 2018-ci ildə oldu və deyək ki, bu başlanğıcdır.

Perspektivli istiqamətlər də mövcuddur: Çin, Hindistan, Pakistan, körfəz ölkələri və İsraildən gələnlər artır. İsraildən gələn turistlərin sayında 2019-cu ildə də ciddi artım gözləyirik, çünki bu ölkə ilə bağlı yeni baxışlarımız var. 

- İrandan gələn turistlərin sayında kəskin azalma var, bu nə ilə bağlıdır?

- 2017-ci ildə İrandan 340 min turist gəlmişdi, bu ilin 11 ayında 226 minə düşüb, 33 faiz azalma deməkdir. Razıyam ki, bu, kəskin azalmadır, ancaq Azərbaycanla bağlı deyil, İrandan çıxışla bağlı yaranan problemdən qaynaqlanır. İranda çıxış vergisini artırıblar, ümumən İrandan turist çıxışı təxminən 50 faizə yaxın azalıb.

Səbəblərdən biri də sanksiyalarla bağlıdır, onlar xarici valyuta əldə edə bilmirlər. İran ənənəvi olaraq Azərbaycana gələn turistlərin sayında üçüncü yeri tutur və əgər bu azalma olmasaydı,  artım daha yüksək rəqəmlə ifadə olunacaqdır. Belə tendensiya davam etsə, İran həmin üçüncü yeri itirəcək. 

- Dediniz ki, bir az startı gec vermişik, nəyi nəzərdə tutursunuz? 

- Deyə bilərəm ki, Azərbaycanda turizm sənayesi indi formalaşır, bu sahədə çalışan assosiasiyaların fəaliyyəti gücləndirildi, bu il həm də yeni Hotellər Assosiasiyası yaradıldı və artıq Avropa Hotellər Assosiasiyasına üzvlüyə hazırlaşır. Bu təşkilat çərçivəsində mühüm olan bir məsələ - hotellərin ulduzlanması öz həllini tapacaq. 

- Turistləri məmnun yola sala bilirikmi? 

- Cənab prezidentin tapşırığı ilə Azərbaycanda infrastruktur yaradılıb. Bura yollar, hava limanları, hotellərin tikilməsi, kadrların hazırlanması və s. aiddir. 2015-ci ildə turizm fəaliyyəti üçün xüsusi razılıqların əldə edilməsi - lisenziya ləğv olundu, nəticədə, turizm şirkətlərinin sayı artıq iki mini keçib.

Azərbaycan hazır olandan sonra qapılarını turistlər üçün açdı və son aylarda ciddi artımlar və yeni istiqamətlərin də yarandığını görürük. Bu say artımını yüksək səviyyəli xidmətlə təmin etmək lazımdır.

İlk öncə kadr potensialı mühümdür, çünki gələnlərin sayı artdıqca xidmət edənlərin də sayı artmalıdır. Azərbaycanda ixtisaslaşmış kadr problemi var, onlara beynəlxalq səviyyədə təcrübə keçmək lazımdır. Azərbaycan Turizm və Menecment Universitetində islahatlar aparırıq və istəyirik ki, tələbələr, müəllimlər arasında şəffaf mühit olsun.

Bu gün biznesdən çox böyük təkliflər var, biznes maraqlıdır ki, təhsilə pul qoysun, ona görə hotel açmaq istəyir, bəs həmin hoteldə kim işləyəcək? Kadr azlığı var, elementar səviyyədən başlayaraq top-menecerə qədər böyük tələbat var. 

- Ölkə əhalisi böyük sayda turisti qəbul etməyə hazırdırmı? 

- Dünya təcrübəsinə görə, ölkəyə gələn bir turistə 30-35 nəfər xidmət göstərir. Azərbaycanın ərazisi və əhalisinin sayını götürsək, turizm ümumxalq biznesidir. Bizim üstün cəhətlərimizdən biri qonaqpərvərliyimizdir və eyni zamanda, vurğulayım ki, fürsətçilikdən bir qədər uzaq olmalıyıq, fərqli mədəniyyətdən olan insanlara münasibətdə loyallıq nümayiş etdirməliyik. 

Məqsədlərdən biri budur ki, qarşıdakı 10 ildə neft-qaz sektorundan sonra turizm sənayesi Azərbaycan iqtisadiyyatının ikinci ən böyük gəlir mənbəyinə çevrilsin, ümumdaxili məhsulun hardasa 10 faizini təşkil etsin. 

Turizm birbaşa valyutanın ölkəyə gəlməsidir, bu, həm dövlətin, həm özəl sektorun, həm də əhalinin gəlirlərinin artması deməkdir. Hər bir kəs turistə xidmət göstərib pul qazana bilir. Bu sahə çox açıqdır və çalışacağıq ki, tam sağlam bir rəqabət mühiti yaradılsın.

- Bizdə daha çox hansı turizm maraqlıdır və sağlamlıq turizmi nə qədər gəlirlidir? 

- Azərbaycanda dünya miqyaslı bir neçə sağlamlıq turizm məkanı var: Duzdağ, Qalaaltı və Naftalan, bunlar artıq öz yerini tutublar. Rumıniyada Duzdağ tipli bir yer var və türkiyəli turistlər daha çox oraya gedirlər, çünki Duzdağdan xəbərləri yoxdur. Təbliğatı qursaq, Naxçıvandakı Duzdağa böyük axın olacaq. Naftalana artıq minlərlə çinli turist gəlir.

Azərbaycanda cərrahiyyə əməliyyatları bir çox körfəz ölkələrindən daha ucuzdur, məsələn, oftalmologiya üzrə əməliyyatlar bizdə daha ucuz başa gəlir və keyfiyyətcə İraqdan daha üstündür. Ona görə də iraqlı turistlər məhz Azərbaycana gəlirlər.

Maraqlı istiqamətlərdən biri Azərbaycanın İran və “Hindistan toyları” keçirməyə başlamasıdır. Xüsusən İran toyları daha çox keçirilir, çünki İrandan olan nəslin biri qərbdə yaşayır, İranda birlikdə toy edə bilmirlər, ona görə də ya Türkiyə, ya da Azərbaycana gəlirlər. 

- Gələn il üçün proqnoz nə qədərdir və yeni hədəf ölkələr hansılardır? 

- Yeni istiqamətlərə reyslərlə bağlı “Azal”la birgə fəaliyyət göstəririk. Hədəf bazarlarını seçmişiksə, demək, birbaşa uçuşları da təmin etməliyik. Çünki Azərbaycan coğrafiyasına görə daha çox turist verən ölkələrin tam ortasındadır, nəticədə, həm yaxınıq, həm də uzaq.

Azərbaycana gəlmək üçün bir neçə saat uçmaq lazımdır, bu isə turisti fikrindən daşındıra bilər. 2019-cu ildə Çindən, Yaponiyadan, Cənubi Koreya, Pakistan, Hindistandan turist axını gözləyirik. Ukrayna, Rusiya və Qazaxıstan kimi ənənəvi bazarlar üzrə də işimiz davam edəcək. 

Konkret rəqəmlərə gəlincə, statistika iki milyon yarımı keçib, düşünürük ki, gələn il artım tendensiyası davam edəcək və say artacaq. 2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayında iki dəfə artım olacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)