Sosial iqtisadiyyat

Sərnişin və yük daşımaları ilə bağlı QƏRAR

Nazirlər Kabineti ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları ilə bağlı qərarlarda dəyişikliklər edib.

ENA.az xəbər verir ki, bu barədə müvafiq sənədləri Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyətinin təşkili məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun Fəaliyyət Planı"nın müvafiq bəndlərinin icrası çərçivəsində hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqrama" və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na ekoloji sürmə üzrə biliklərlə əlaqədar müvafiq müddəaların əlavə edilməsini nəzərdə tutur.

Qərarın qəbulu ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarında enerji səmərəliliyini və enerjidən qənaətli istifadəni təmin etməklə, daşımalar zamanı istilik effekti yaradan qazların emissiyasının azalmasına xidmət edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)