Prezident açılışa qatıldı - Fotolar
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.
ENA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.
Dövlət başçısı yeni deponun açılışını edib.