Aqrar

Azərbaycanda ilk dəfə heyvanlar hərraca çıxarılır

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Qobustan rayonunda inşa etdirdiyi müasir heyvandarlıq kompleksi istifadəyə verilib.

ENA.az xəbər verir ki, 8 hektar ərazini əhatə edən kompleks sərgi salonu, satış mərkəzi, hərrac mərkəzi, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional binalardan ibarətdir.

Bu baxımdan satış və hərrac mərkəzləri xüsusilə qeyd olunmalıdır. Burada ilk dəfə olaraq yerli damazlıq təsərrüfatlarda yetişdirilən cins heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur. Alqı-satqı, sığorta, lizinq, güzəşt prosesləri vahid mərkəzdə həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, satış mərkəzi həftənin 6 günü, hərrac mərkəzi isə həftədə bir dəfə, saat 09:00-dan 18:00-a qədər işləyəcək.

“Adətən təchizatçı şirkətlər xaricdən gətirilən heyvanları baha satır. Lakin burada münasib qiymətə satış həyata keçirilir. Hərraca çıxarılan heyvanların satışı zamanı dövlətin tətbiq etdiyi 60 faizlik güzəşt məbləği qiymətdən çıxılır. Yerdə qalan 40%-i isə fermer ödəyir. Xarici damazlıq heyvanların subsidiyalaşmasının məqsədi yerli damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda cırlaşmanın qarşısının alınmasıdır. Yerli cins müəyyən müddətdən sonra məhsuldarlığını itirir. Damazlıq heyvanları yerli cinlərlə cinsləşdirəndə daha məhsuldar heyvan cinsləri yaranır. Cins heyvanlar daha çox Avropadan gətirilir. Onlar diqqətlə seçilir, bütün şəcərəsinə baxılır. Hərraca çıxarılan heyvanların qulaqlarında birkalar olacaq və onlarda heyvanlarla bağlı bütün məlumatlar öz əksini tapacaq”, - deyə “Aqroservis” rəsmisi qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)