Bank

Manatın məzənnəsi barədə hay-küy niyə gerçək ola bilməz: Mərkəzi Bankın doğruları nədir və qınaq obyekti kimlərdir?

Artıq bir aya yaxındır, Azərbaycan mətbuatında hər ilin sonunda olan “stəkanda burulğan” effekti diqqətə çarpır.

Etiraf etməliyik ki, ötən illərdə, xüsusən də dünya neft bazarındakı kəskin ucuzlaşması nəticəsində ölkəyə valyuta daxilolmaları azalmışdı və bu da manatın dəyərsizləşməsinə aparırdı. Bu sahədə yayılan qeyri-rəsmi məlumatlar daha çox doğru çıxırdı və əhali dövlət məmurlarının vədlərini deyil, şayiələri izləməyə başlamışdılar.

 

“Elman Rüstəmov deyir ki, devalvasiya olmayacaq, o deyirsə yəqin ki olacaq”, bu sözlər savadlı insanlar arasında belə hələ də işlədilir. Aydındır ki, 2015-ci ilin sonunda Mərkəzi Bank sədrinin açıqlaması və bir həftədən sonra manatın 2 dəfə bahalaşması hadisəsi yaddaşlara dərin iz buraxıb. Ancaq maliyyə sektoruna yaxın insanlar bilir ki, həmin dövrdə də Mərkəzi Bank sonadək kəskin devalvasiya olmasına qarşı çıxmışdı və manatın inzibati yollarla (hərçənd iqtisadiyyatda belə bir termin yoxdur, deyirlər-red) müəyyən həddə saxlanılmasını istəmişdi. Baxmayaraq ki, Mərkəzi Bank ehtiyatlarını sürətli şəkildə bunun üçün xərcləyirdi, lakin devalvasiyanın daha ağır nəticələr verəcəyini önə çəkirdi. Monetar siyasətə cavabdeh olan qurumun rəhbəri buna görə də mətbuata verdiyi açıqlamada “devalvasiya olmayacaq”, - deyə mesaj vermişdi. Lakin Maliyyə Nazirliyində bununla bağlı keçən iclasda neft qiymətlərinin düzəlmə ehtimalının az olduğu arqumentini irəli sürən Samir Şərifov (etiraf edək ki, maliyyə naziri də bu fikrində yanılmamışdı - red) Elman Rüstəmovun fikrinin ziddinə getdi və manatın devalvasiyası barədə qərar verilməsinə nail oldu. Beləliklə, Azərbaycanda devalvasiya baş verdi, üzən məzənnə siyasətinə keçid elan olundu və 2016-cı ilin ilk üç ayınadək 1 dollar 2 manatadək bahalaşdı.

Maraqlıdır ki, həmin dövrdə Maliyyə naziri devalvasiya olduğunu, Mərkəzi bank sədri isə üzən məzənnə siyasətinə keçid olunduğunu açıqladı. Bu keçidin 2020-ci ildə başa çatacağı barədə planlar və açıqlamalar isə özünü doğrultmadı və fiaskoya uğradı. Bundan sonra Mərkəzi Bank sədri ilə Maliyyə naziri arasında münasibətlər də kəskinləşdi və hamı bilir ki, hazırda da bu iki məmur bir-birini yumşaq desək, qəbul etmir.  

 

İndi deyəcəksiniz ki, həmin dövrdə devalvasiya vacib idimi? Əslində qaçılmaz idi, ehtiyatlar minimala düşmüşdü, neft çox ucuzlaşmışdı və valyuta çatışmazlığı yaranmışdı. Lakin bunun ən yaxşı çıxış yolu manatın birdən-birə iki dəfə deyil, tədricən ucuzlaşması idi ki, bunun adını üzən məzənnə qoyaraq daha yumşaq hərəkət etmək olardı. Mərkəzi Bank məhz bunun tərəfdarı idi. Beləliklə, manata inamın kəskin itirilməsi, bank sektorunun fəaliyyətinin iflic olması, bir neçə sistem əhəmiyyətli bankın onsuz da başdan aşan problemləri eyni vaxtda maliyyə sektorunu belə dərin krizisə salmayacaqdı. Sonrakı hadisələr də göstərdi ki, devalvasiyanın vurduğu ziyandan çıxmaq üçün xərclənən vəsaitlər, ehtiyatlar hesabına “yumşaq gedişlər”in edilməsi üçün çəkilən xərcdən daha ucuz başa gələ bilərdi. Başqa sözlə, Mərkəzi Bank o vaxt tutduğu mövqedə daha haqlı görünür.

 

Bu gün vəziyyət necədir? Yenidən devalvasiya ola bilərmi, suallarının niyə yenidən aktuallıq qazanmasına toxunaq.

Beləliklə, neft 80-85 dollara satılır. Hazırda ölkəyə gələn valyuta çıxan valyutadan çoxdur, yəni kapital qaçışı baş vermir. Ölkə daxilində böyük yığımlar və bu yığımların valyutaya çevrilməsi ajiotajı yoxdur. Tədiyyə balansı kifayət qədər müsbət zonadadır. Mərkəzi Bankın valyuta ehtiyatları artır, nəinki azalır. Başqa sözlə desək, Mərkəzi Bankın aktiv şəkildə manatın məzənnəsinə “əmr vermir”. Əsas nəzərə alınmalı fakt isə budur ki, büdcədə neftin qiyməti 50 dollar səviyyəsində öz əksini tapıb, hazırda isə neft 60% baha satılır.  

E.Rüstəmov açıqlamalarına görə, valyuta bazarının nağd və qeyri-nağd hissəsi var. Neft Fondunun valyutası bank sektoruna daxil olur və maliyyə sektoru vasitəsilə əhaliyə satılır.

“Mərkəzi Bankın valyuta ehtiyatı 7 milyardı ötüb və proseslərə  müdaxilə etmir. Dövlət Neft Fondunun gəlirləri isə büdcəyə yönəlir. Mərkəzi Bank burada auksionun təşkil olunduğu yerdir və bu, fiskal bir alətdir”.

Mərkəzi Bank sədri deyir ki, əksinə hazırda manatın bahalaşmasına təzyiq var və bəzən bankların özündən belə valyuta alır.

“Çox kiçik hallarda biz banklardan vəsaitləri alırıq, çünki onların likvidlik problemi olur, manat hesablaşmasını həyata keçirə bilmirlər, ancaq bankın valyutası var və ona alıcı tapa bilmirsə, MB-a müraciət edir. Bu da manatın məzənnəsinin ucuzlaşmasını yox, möhkəmlənmə təzyiqinin qarşısını alır. İqtisadi Şurada yeni makroiqtisadi çərçivə müzakirə olundu və ölkədə yeni artım strategiyası hazırlanır. Bu inkişafda makroiqtisadi sabitlik əsas faktordur”.

Beləliklə, Mərkəzi Bank keçən il yaşanan gərginliyin pandemiyanın fonunda olduğunu hesab edir. Əslində şayiə fundamental faktor deyil, amma ciddi nəticələr də doğura bilir. Bu gün dünya bazarında adi bir mesajla qiymətlərin necə dəyişdiyini xatırlatmaq kifayətdir. Bugün də bu şayilər var, ancaq onun üçün heç bir xarici və daxili fundamental faktor yoxdur. Üstəlik, nəsə baş verərsə, tənzimləyici qısa müddətdə bu prosesləri neytrallaşdırmaq üçün Azərbaycan maliyyə potensialına və təcrübəyə malikdir. Nümunə olaraq, Elman Rüstəmov da ötən il 1 milyard 200 milyon dolların bir hərracda bazara çıxarılıb satıldığını da vurğuladı.

Qeyd edək ki, hazırda da Neft Fondunun valyutasının satılmasında da geriləmə var və 1 milyard dollardan çox vəsaitin “ehtiyat” olaraq qaldığını və eyni ssenari olsa belə, hökuməti vəziyyətdən çıxaracağını demək olar. Bir sözlə, əhalini əlavə həyəcanlandırmağa ehtiyac yoxdur.

 

Təkcə gələn ilə yox, orta dövr platformasına da nikbinliklə baxırıq, deyən Mərkəzi Bank sədri ailə büdcəsini, biznesi, iqtisadiyyatı nikbinliyə dəvət etdi. Əlbəttə, dünyada gedən hər hansı bir prosesin doğura biləcəyi dərin şokla üzləşməsək.

“Xəstə-xəstə insanlar dollar almaq üçün növbələrdə dayanırdı. Pandemiya vaxtı əlavə risklər yarandı. Çığıran başlıqlardan qaçın, insanlara bu pandemiya şəraitində əziyyət verməyin”, -deyə Mərkəzi Bank sədri mətbuata çağırış etdi.  

ENA-Maliyyə qrupu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)