Azərbaycanın xarici ticarət saldosu 2019-cu ildəkindən 50% azdır
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 6 milyard 285 milyon 345,71 min dollar təşkil edib. Bu, 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 milyard 974 milyon 296,03 min dollar olub. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 24,8% artım deməkdir. Hesabat dövründə ixracın həcmi 14 milyard 629 milyon 820,87 min dollar olub ki, bu 38,3% çoxdur. İdxalın həcmi isə 6,7% artaraq 8 milyard 344 milyon 475,16 min dollara yüksəlib.
İxracın 87,6%-i neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,83% ərzaq məhsullarının, 0,83% tütün və tütün məhsullarının, 4,98% əczaçılıq məhsullarının, 0,44% gübrələrin, 3,24% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,73% odun və agac məhsullarının, 2,22% geyim və geyim aksessuarlarının, 7,2% qara metal və ondan hazırlanan məmulatların, 24,42% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,82% mebelin, 25,64% digər məhsulların payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 7,958 min özəl və dövlət müəssisəsi və 42,191 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 182 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 38,6%-i), Türkiyə (13,25%), Rusiya (4,2%), İspaniya (3,82%), Xorvatiya (3,74%), İsrail (3,53%), Gürcüstan (3,51%), Hindistan (3,44%), Portuqaliya (2,62%), Tunis (2,58%), Böyük Britaniya (2,3%) və Ukrayna (2,18%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,26%), Türkiyə (15,69%), Çin (13,89%), Almaniya (5,81%), ABŞ (4,04%), İtaliya (3,93%), Ukrayna (3,92%), İran (3,26%), Böyük Britaniya (2,56%) və Yaponiya (2,34%) ilə həyata keçirib.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, 2021-ci ilin yekunları üzrə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $6-7 milyard təşkil edə bilər.
2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu 3 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 49,6% azdır. Azalma COVID-19 pandemiyasının təsiri və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə şərtlənib.