Bank

Bank sektoru 2018-ci ili necə başa vurdu?

Azərbaycanın bank sektoru ötən 2015, 2016 və 2017-ci illərdəki “reanimasiya dövrü”ndan sonra 2018-ci ildə, nəhayət, “palata”ya keçirildi.

 2018-ci ildə bank sektorunun necə sağaldığını, bunun üçün hansı vasitələrdən istifadə edildiyi barədə ötən ilə baxışında müsbət və mənfi tendensiyalara nəzər salınıb.

Beləliklə, pozitivdən başlayaq ki, gələn ilimiz də pozitivlə start götürsün.

Bank sektoru özünü bərpa prosesinə başladı, problemlərini həll etməyə yönəldi. Önəmli olan odur ki, 2018-ci ildə heç bir bank bağlanmadı, bu arada, yada salaq ki, vaxtilə Azərbaycanda 44 bank vardı, 14 bank bağlandı, 30-u qaldı.  

Böhran illərində “bankların sayı çoxdur, az olmalıdır” fikirləri vardı, amma təəssüf ki, “banklar rəqabət mühitinə dözməyib bağlandı”, deyə bilmirik, çünki böhran nəticəsində məcburiyyət qarşısında sistemdən kənarlaşdırıldılar. 2016, 2017-ci illərlə müqayisədə, 2018-ci ildən başlayaraq, milli valyutanın sabitləşməsi bankların da dirçəlməsinə imkan yaratdı və “kapital inyeksiyası” qəbul edənlərin sayı artdı.

İlin əvvəlinə bank sektoru üzrə ümumi kapital 3,7 milyard manat olduğu halda, 1 noyabr 2018-ci ilə bu göstərici 4 milyard 172 milyon manata çatdı.

Təbii ki, kapitallaşmanın səviyyəsi bütün banklarda bərabər deyil, ancaq ümidverici hal odur ki, sistemin dayanıqlığı üçün addımlar atılır. Kapitalı artırılmış banklar bunlardır:

 

Bankın adı

 

Kapitalın artım dinamikası

Azərbaycan Sənaye Bankı

58,7%

Kapital Bank

57,2%

Premium Bank

41,4%

Yapı Kredi Bank Azərbaycan

38,3%

Zıraat Bank Azərbaycan

35,2%

Bank Avrasiya

23,0%

Xalq Bank

21,2%

Atabank

20,4%

PAŞA Bank

17,6%

Naxçıvan Bank

13,9%

Pakistan Milli Bankı – Bakı

7,7%

Express Bank

7,3%

Turan Bank

7,3%

Azər-Türk Bank

6,8%

AFB Bank

4,8%

Azərbaycan Beynəlxalq Bankı

3,1%

Göründüyü kimi, 16 bankda kapital artımı qeydə alındı, digərlərində isə “kapital əriməsi” davam edir. Belə bir vəziyyətdə Mərkəzi Bank da hərəkətə keçərək, banklara maliyyə dəstəyi göstərdi və beləliklə, kredit formasında olsa da, kapitallaşmaya, bankın fəaliyyətini bərpa etməsinə yardım etdi. Nəticədə, böyük risklərlə üzləşən bir neçə bank kredit fəaliyyətini bərpa etdi ki, bu da bankın vəziyyətdən çıxmasına kömək edə bilər.

Əslində, məcmu kapitala 50 milyon manat normativ tələbinin qoyulması ilə bağlı bir qədər dərinə varsaq, bir bankın 40 milyon manat kapitalının olması bankın bağlanması demək deyil. Ümumilikdə, ekspertlər bankın vəziyyətini mənfəətinə və məcmu kapitalına görə tam olaraq qiymətləndirməyin əleyhinədir.

Azərbaycan vətəndaşı isə əmanət qoymaq istədikdə özünə etibarlı bank seçmək üçün bankın aktivləri üzrə ən azı son bir ilin tendensiyasına baxmalıdır.

Sistemə bir də maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin baxışları alınıb.

Müsbət tendensiyalar sırasında fikirlər üst-üstə düşdü: istehlak kreditləri, ümumiyyətlə, kredit məhsulları aktivləşdi, bank sektorundakı ixtisarlar yeni iş yerlərinin açılması tendensiyası ilə əvəz olundu, bəzi banklarda kapital artımı baş verdi, xüsusilə bankların maliyyə ehtiyaclarına dəstək vermək üçün Mərkəzi Bank da hərəkətə keçdi.

Qeyd edək ki, “Access Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank VTB Azərbaycan” və “PAŞA Bank” son bir ildə tənzimləyici quruma borcunu 100% qaytarıb. “Xalq Bank”, “Nikoyl Bank”, “Bank VTB”, “Günay Bank” və “Premium Bank”dır. Ən çox azalma “Premium Bank”ın borclarında baş verib. “Atabank” və “Bank of Baku”nun borcu isə olduğu kimi qalıb, “AGBank”ın tənzimləyici quruma borcu 12,5% artıb.

Sektorun problemləri də az deyil və bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

- Bank aktivlərində kredit qoyuluşlarının payı azalmaqda davam etdi. Hazırda aktivlərdə kreditlərin payı 40% təşkil edir. Bu, o deməkdir ki, banklar əlindəki pulları tam olaraq iqtisadiyyata yönəltməkdə maraqlı deyillər.

- İkinci mənfi tendensiya odur ki, istehlak kreditlərinin payı yenidən artmağa başladı. Halbuki 2018-ci ilə qədər istehlak kreditlərinin çəkisi azalmaqda davam edirdi və 41 faizə qədər düşmüşdü. Bizim iqtisadiyyatımız üçün istehlak kreditlərinin artması arzuolunan deyil, çünki yerli istehsalımız ərzaq məhsulları ilə bağlıdır və istehlak kreditlərinin artması ilə daha çox xarici sahibkarları dəstəkləyirik.

- Üçüncü, bankların öhdəliklərində depozitlərdən asılılıq davam etdi. Yəni bir mənbədən asılılıq getdikcə yüksəlir.

- Bankların qiymətli kağızlara yatırımı artdı, burada mənfi tərəf odur ki, banklar iqtisadiyyatın aktiv kreditləşməsinə deyil, passiv kreditləşməyə üstünlük verdilər.

- Banklarda izafi likvidlik böyükdür, xüsusən depozitin kreditə nisbəti çox yüksəkdir. Məsələn, 2013-cü ildə təxminən 15 milyardlıq kreditə qarşı 12 milyardlıq depozit vardısa, bu gün 22 milyardlıq depozitə qarşı 12 milyardlıq kredit var. Nəticədə, bank sektorunda yüksək izafi likvidlik yaranıb və bu sektor üçün çətinliklər yarada bilər.

- Problemli kredit məsələsi 2018-ci ildə də həllini tapmadı və bu çətin sınaq 2019-cu ilə keçdi. 2019-cu ildə bankları problemli kredit, depozit portfelinin reallaşdırılması ilə bağlı çətinliklər gözləyir.

Ölkənin maliyyə sektoru üzrə tənzimləyici və icraçı qurumlar vəziyyəti nəzərə alaraq, ehtiyat və nəzarət tədbirlərini gücləndirirlər. Bankların kapital adekvatlığı, müşahidə şurasının üzvlərinin səlahiyyət müddəti və vəzifə səlahiyyətləri ilə bağlı yeni qayda və qanunlar təsdiqləndi. Bundan başqa, bank sektorunda “sistem əhəmiyyətli bank” termini daha aktiv istifadə olunmağa başlayacaq, çünki gələn ildən bir neçə bank üzərində nəzarət güclənəcək və onlara qarşı tələblər sərtləşəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)