Azərbaycan dilində adlardan istifadə edən sahibkarlara vergi güzəşti olunması təklif edilir
"Azərbaycan dilində reklam mətnləri və adlardan istifadə edən obyekt sahiblərinə vergi və digər məsələlərdə güzəştlər tətbiq edilə bilər".
Bunu açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda reklam mətnləri üzərində dillə bağlı monitorinqlər aparılır və pozuntu aşkarlanan banerlərin fotoları çəkilir: "Monitorinqlərdən əldə etdiyimiz nəticələrə görə ingilis dilinə meyil daha çoxdur. Mətnlərin əksəriyyəti ingilis orfoqrafiyası ilə yazılır. Burada bir problemlə qarşılaşırıq. Bəzi marka adları dövlət qeydiyyatından ingilis orfoqrafiyası ilə keçdiyi üçün onlara toxunmaq hüquqi müstəvidə məhkəməyə cəlb olunmaya qədər gedib çıxa bilər. Ancaq Azərbaycan dilində olan plakatların, obyektlərin sahiblərinə vergi və digər məsələlərdə güzəştlər edilsə, insanları təbii şəkildə milliləşməyə sövq etmiş olarıq".
Bununla bağlı təkliflər hazırladıqlarını söyləyən şöbə müdiri bildirib ki, xarici ölkələrdə bu təcrübə sınanıb və öz effektini göstərib. O, bu təcrübənin Azərbaycanda da qəbul ediləcəyinə ümid etdiyini vurğulayıb.