Bu gündən həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa ləğv edilir
Azərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətin ləğv olunması barədə qərar qüvvəyə minib.
ENA.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.
Qərara uyğun olaraq sabahdan (oktyabrın 2-si şənbə gününə təsadüf etdiyindən - red) etibarən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.
Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.