"Belə yüksək cərimələr onlar üçün “ölüm hökmüdür”" - TƏKLİF
"Cərimələr bütün kateqoriyada olan sahibkarlıq subyektləri üçün eyni məbləğdə müəyyən edilmişdir. Halbuki, şirkətlərin sahibkarlıq subyekti kimi ölçülərinə görə kateqoriyaları (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri) fərqlidir".
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.
Bu bölgü 2 əsas meyara görə müəyyən edilir: işçilərin sayı və illik gəlir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını aşağıdakı qaydada təsdiq etdi:
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları |
İşçilərinin orta siyahı sayı (nəfər) |
İllik gəliri (ig) (min manat) |
Mikro sahibkar |
1 – 10 |
ig ≤ 200 |
Kiçik sahibkar |
11 – 50 |
200 < ig ≤ 3 000 |
Orta sahibkar |
51 – 250 |
3 000 < ig ≤ 30 000 |
İri sahibkar |
251 və ondan yuxarı |
30 000 < ig |
Qanunvericilik sahibkara bu bölgü əsasında kateqoriyasına görə bəzi fərqli yanaşmanı müəyyən edir. Bu yanaşma vergi məsələlərində, mikro, kiçik və orta sahibkarlara dövlət dəstəyində, mühasibat uçotunun aparılmasında və digər məsələlərdə özünü göstərir.
Vergi məsələləri
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri üçün bəzi azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur.
Bunlara aşağıdakıları aid etmək olar:
- Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; habelə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə fiziki şəxsin gəlir vergisindən azaddır.
- Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; habelə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə hüquqi şəxsin mənfəət vergisindən azaddır.
- Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
- Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər;
- KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV tutulmur:;
- Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.
Kiçik sahibkarlığa dövlət köməyi
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kiçik sahibkarlığa (kiçik və mikro sahibkarlıq subyektlərinə) dövlət köməyinin forma və üsulları müəyyən edilmişdir.
Qanuna əsasən, kiçik və mikro sahibkarlıq subyektlərinə dövlət köməyi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
-kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması;
-kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;
-kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması;
-kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;
-kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;
-kiçik sahibkarlıq subyektləri üçün dövlət qeydiyyatının (uçotunun), statistik və mühasibat hesabatlarının təqdim edilməsinin, onların istehsal etdikləri məhsulun (işin, xidmətin) sertifikatlaşdırılmasının sadələşdirilmiş sisteminin tətbiqi;
-kiçik sahibkarlığın inkişafı üzrə tədqiqatların təşkili.
Eyni zamanda, məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında kiçik sahibkarlığa dövlət maliyyə yardımı həyata keçirilir.
Qanunda qeyd edilən istiqamətlər üzrə tədbirləri və proqramları həyata keçirmək, yardımları göstərmək üçün kiçik sahibkarlığa kömək infrastrukturları, təşkilatlar, qurumlar yaradıla bilər.
Son dövrdə yaradılmış belə qurumlardan biri də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli, 1771 saylı Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.
Bu Agentlik ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, bu sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s.) təklif edən kiçik və orta biznes evlərinin (KOB evləri) və KOB Dostlarının, eləcə də kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi, kiçik və orta biznesin inkişafı fondlarının, yaradılması nəzərdə tutulur (KOB evlərinin göstərdiyi xidmətlər barədə əlavə məlumatı http://www.biznesleks.az/v%C9%99t%C9%99ndas-ucun-asan-xidm%C9%99t-biznes-ucun-kob-evl%C9%99ri/ (“Vətəndaş üçün “ASAN Xidmət”, biznes üçün “KOB evləri”) linkindən əldə edə bilərsiniz).
Mühasibat uçotu
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mikro və kiçik sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər.
Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-03 nömrəli 03 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları” ilə müəyyən edilir.
İri sahibkarlıq subyektləri isə maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri sahibkarlıq subyektləri mühasibat uçotunu bu standartlara əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər.
Orta sahibkarlıq subyektləri də maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edirlər, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını bu standartlara və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər.
Eyni zamanda, Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilən hallarda orta sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məcburidir.
Bundan başqa, qanuna əsasən, iri sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər) olmalıdırlar.
İri sahibkarlıq subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin ən azı iki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.
Göründüyü kimi, peşəkar mühasibin olması tələbi yalnız iri sahibkarlıq subyektlərinə aiddir.
Dövlət satınalmalarında kiçik sahibkarlığın iştirakı
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanların dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə sifarişlərin 15 faizdən az olmayan hissəsinin kiçik sahibkarlıq subyektlərinə verilməsi məqsədi ilə tədbirlər görürlər.
Kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin inkişafı
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin inkişafı üçün, habelə beynəlxalq sərgi və yarmarkalarda, xarici-iqtisadi proqramların və layihələrin icrasında iştirakını genişləndirmək məqsədi ilə tədbirlər həyata keçirirlər. Qurumlar kiçik sahibkarların xərclərini, o cümlədən nəqliyyat, məlumat alınması, beynəlxalq sərgilərdə (yarmarkalarda) iştirak üzrə xərclərini tam və ya qismən kompensasiya edə bilər.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti
Sahibkarlıq subyektinin ölçüsünə görə aparılan yoxlamaların müddəti də fərqli olur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş günündən, orta, kiçik və mikro sahibkarlarda üç iş günündən artıq olmamalıdır.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulması
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (sahibkarların) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:
1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;
2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;
3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;
4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir;
təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsi təmin edir.
Eyni zamanda, Fərmanla müəyyən edilmişdir ki, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.
Təklif
Hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (İXM) sahibkarlıq subyektləri üçün yüzlərlə yüksək məbləğlərdə inzibati cərimələr müəyyən edilmişdir. Belə ki, İXM-yə əsasən hüquqi şəxsdən 50 000 manatadək, fərdi sahibkardan (vəzifəli şəxsdən) 10 000 manatadək inzibati cərimə tutula bilər. Bu cərimələr bütün növ ölçüdə (kateqoriyada) olan sahibkarlıq subyektləri üçün eyni məbləğdə müəyyən edilmişdir, yəni İXM-də müəyyən edilmiş cərimə məbləğlərinin hədləri bütün hüquqi şəxslər və ya vəzifəli şəxslər üçün eynidir. Məsələn, hansısa inzibati xətaya görə müəyyən edilmiş 35 000 manatdan 45 000 manat məbləğədək inzibati cərimə bütün növ şirkətlərə tətbiq edilə bilər. Halbuki, şirkətlərin sahibkarlıq subyekti kimi ölçülərinə görə kateqoriyaları (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri) fərqlidir. Belə yüksək inzibati cərimələr onların bir çoxları üçün “ölüm hökmüdür”.
Tətbiq edilən inzibati cərimələr elə məbləğdə olmalıdır ki, cərimələrin tətbiqi sahibkarlıq subyektlərinin fəaliyyətini iflic etməsin, onları iflasa, müflisləşməyə, ləğv edilməyə və ya fəaliyyətini dayandırmağa gətirib çıxarmasın. Əks halda, bundan tək şirkət və sahibkar əziyyət çəkməyəcək, bu, həm də işçilərin ixtisarına, mənfəətin, nəticədə dövlət büdcəsinə ödənilən vergilərin azalmasına gətirib çıxaracaq və bütövlükdə ölkə iqtisadiyyatına zərbə vuracaqdır.
Odur ki, inzibati xətalar qanunvericiliyinin vəzifələrinə və prinsiplərinə xələl gətirmədən, İXM-də hüquqi, vəzifəli və fiziki şəxs bölgüsü ilə yanaşı, inzibati məsuliyyətin sahibkarlıq subyektlərinin kateqoriyalarına (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri olmasına) görə də müəyyən edilməsi və sahibkarlıq subyektlərinə tətbiq edilən inzibati tənbehlərin (cərimə və s.) bu bölgüyə əsasən tətbiq edilməsi məqsədə müvafiq olardı. (Sahibkarlıq subyektlərinə inzibati cərimələrin məbləğlərinə yenidən baxılması ilə bağlı təkliflərə ətraflı olaraq http://vekil-oruclu.az/?p=281 (“Sahibkarlığa dəstək kontekstində inzibati cərimələrin məbləğlərinə yenidən baxılması təklifi”) linkindən tanış ola bilərsiniz.)
Vəkil Allahverən Oruclu
www.vekil-oruclu.az