Qarabağ

Qarabağa səfərlər üçün icazələr "mygov" platforması üzərindən veriləcək

“İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidməti artıq “mygov” platforması vasitəsilə mümkün olacaq."

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Məlumata görə, bu xidmət vasitəsilə işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobili ilə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları icazə prosesini rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

Əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilsə də, indi bu xidmət “mygov” platformasına da inteqrasiya olunub. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

Qeyd edək ki, səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.

Bu və digər inteqrasiyalar vətəndaşların zəruri dövlət xidmətlərini “mygov” platforması vasitəsilə vahid şəkildə əldə etməsinə imkan yaradır, nəticədə isə rəqəmsal xidmətlərdən istifadə daha rahat və mərkəzləşdirilmiş olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)