Bu xəstəliklər tibbi sığorta hesabına müalicə ediləcək - SİYAHI
İcbari Tibbi Sığorta gələn ildən bütün Azərbaycanda tətbiq olunmağa başlayacaq. Bunun üçün yeni TƏBİB adlı agentlik də yaradılıb. Bəs bundan sonra hansı xəstəliklər, müayinələr sığorta ilə hesablanacaq? Müalicəsinə on minlərlə manat tələb olunan qan xərçəngi, onkoloji xəstəliklər də siyahıda varmı?
"BI" xəbər verir ki, TƏBİB fəaliyyəti ilə bağlı bəzi məqamlarda yaranan sualları Media.az-a cavablandırıb.
"2020-ci ilin yanvarından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB-ə daxil ediləcək. Bu dövlət tibb müəssələrinin siyahısı yaxın 2 ayda təsdiq ediləcək.
Bu günə İTS-nın baza paketində 1829 adda tibbi xidmət daxil olunub. Bu siyahı its.gov.az saytında yerləşdirilib.
Vətəndaşlara bu tibbi xidmətlər göstəriləcək:
-Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti
-İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti
-Ambulator müayinə və müalicə - 480 növ xidmət
-Stasionar müalicənin 677 növü
-Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.
-Fizioterapevtik xidmətlər – 23 növü
-Laborator xidmətlər – 459 növü
-Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.
Siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələr də daxil ediləcək.
-Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və s. kimi xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.
İşsizlər, təqaüdçülər, uşaqlar, sosial təminatsız ailələr dövlət hesabına sığortalanacaq.