Azərbaycanda pul kütləsinin həcmi rekord vurdu
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 8% artaraq 31 milyard 507,3 milyon manat olub. Xüsusən də nağd vəsaitlər təkcə iyulda 2,9% artıb. Mərkəzi Bankın məlumatına görə, pul kütləsinin həcmi ilk dəfə 31 milyard manatı ötüb və bu, yeni rekord göstəricidir. Təkcə iyulda pul kütləsi 4% artıb.
2021-ci il iyulun 31-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 11 milyard 49,6 milyon manat təşkil edib. M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 18 milyard 791,4 milyon manat təşkil edib. Yanvar-iyul aylarında 5,19% artım qeydə alınıb.
Bu dövrdə M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 21 milyard 840,9 milyon manat təşkil edir, yanvar-iyul ayı ərzində 7,56% artım olub.
İyunun sonuna xarici valyutada depozitlər 9 milyard 666,4 milyon manat təşkil edib, yanvar-iyul aylarında 8,85%, iyulda 9,68% artım qeydə alınıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2020-ci ilin sonuna olan 29,1%-ə qarşı 31 iyul 2021-ci il tarixinə 30,68% təşkil edir.