MALİYYƏ

"Zəruri tədbirlər görüləcək"

Vergilər nazirinin müavini Sahib Ələkbərov gələn ildən əmək haqlarının real olaraq rəsmiləşdirilməsi və sahibkarların illik dövriyyəni real olaraq göstərməsi haqda danışıb.

"2019-cu ildən işəgötürən əmək haqqını real rəsmiləşdirərkən, sahibkar illik dövriyyəsini düzgün göstərərkən  öncəki rəqəmlərlə arasında şişirtmə aydın hiss olunacaq. Nazirlikdə haqlı olaraq şübhə yaranacaq ki, bu şəxslər ötən il cinayətlə məşğul olublar. Bu adamlara qarşı nazirliyin və istintaqın münasibəti necə olacaq?" sualına cavab verən nazir müavini bildirib ki, sənədləşmə mütləq olmalıdır:

"Gələn ildən etibarən bu məsələlərə diqqət, nəzarət daha da artırılacaq. Amma biz istəmirik ki, vergi ödəyicisi ilə bağlı yoxlamalar aparaq, yoxlamalar 3 dəfə azaldılıb. Amma gələn ildən işəgötürən və sahibkarın sənədləşmədə göstərdiyi rəqəmlərdə açıq-aşkar böyük fərqlər olacaqsa, orada yoxlamalar aparılacaq. Vergi ödəyicisi çox ciddi qanun pozuntularına yol verirsə, dövlətə çatacağı pulu ödəməyibsə, vergi ödəməkdən yayınıbsa, bu o demək deyil ki, biz buna göz yumacağıq". 

Nazirliyin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Mustafayeva əlavə edib ki, əgər vergi orqanının əlində kifayət qədər sübutlar olarsa, araşdırma aparılacaq: "Sahibkar qanunsuzluq etdiyinə dair izlər buraxacaqsa və nazirlik əlində mənbəyi olan sənədlər əldə edəcəksə, zəruri tədbirlər görüləcək. Nəticədə cinayət əməli ortaya çıxarsa,  əməliyyat tədbirləri də həyata keçiriləcək". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)