“Sizi kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəyəm”
Milli Məclisdə bu gün Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi haqqında layihənin müzakirəsi zamanı deputat Tahir Kərimlinin həmkarını müdafiə etməsi spiker Sahibə Qafarovanı əsəbiləşdirib.
ENA.az xəbər verir ki, T. Kərimli çıxışında həmkarına dəstək olmağa çalışıb: "Hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. 309-2-ci maddədən söhbət getmir. Polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq".
Spiker Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə, 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəyəm. Mən özüm çıxacağam zaldan, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.
Spiker hansı səsi nəzərdə tutduğunu açıqlamayıb. Amma əldə etdiyimiz məlumata görə, sözügedən səsyazı deputatın polislə qarşıdurması zamanı yazılıb.