“Unibank” ümidsiz borcların bir hissəsini "diriltdi" - HESABAT
Azərbaycanda banklar yüksək faiz dərəcələri ilə verdikləri istehlak kreditlərindən daha çox gəlir götürürlər. Bu bir neçə il əvvəl də belə idi, hazırda da belədir. Biznes kreditləri ilə müqayisədə daha az məbləğdə olan və daha tez geri qayıdaraq yenidən dövriyyəyə buraxılan istehlak malları üçün verilən bank borclarının risk səviyyəsi də daha aşağıdır.
Bu sahədə lider banklardan biri olan “Unibank” 2021-ci ilin I yarısında istehlak kreditlərinin həcmini 23,5% artırıb. Bank ümumilikdə aktivlərini 9,4% artıraraq 892,935 milyon manata yüksəldib. Aktivlərin 74%-ni təşkil edən kredit portfelinin həcmi isə bu ilin aynvar-iyun aylarında 16,9% artaraq 661,261 milyon manat olub. Portfelin 380,703 milyon manatı istehlak kreditlərinin, 222,157 milyon manatı biznes kreditlərinin payına düşür. Pul hərəkətindən də görünür ki, bankın aldığı faiz ödənişlərinin həcmi 15 milyon manatdan çox artıb. Bank ümidsiz borclardan 3 milyon 990 min manatını da "dirildib" ki, bu yaxşı göstəricidir. Eyni zamanda bank əlindəki likvid vəsaitin 30 milyon manatını digər banklara kredit və ya depozit şəklində verib. Aktivlərdə digər ən böyük vəsait – 121 milyon 554 min manat nağd pul vəsaitlərinin payına düşür. Bank verdiyi kreditlər üzrə 90,440 milyon manat ehtiyat yaradıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 10,6% artaraq 795,603 milyon manat təşkil edir. Artım əsasən əhalinin bankda qoyduğu əmanətlər hesabına baş verib. Bankda depozitlər 619,092 milyon manat, əhalinin əmanət hesabları isə 22,3% böyüyərək 521,364 milyon manata bərabərdir. Bir il əvvəllə müqayisıdı isə bankın hesablarında müştəri depozitlərinin həcmi 97 milyon manata yaxın artıb. Halbu ki, ötən ilin eyni dövründə “Unibank” böyük depozit itkisi ilə qarşılaşmışdı.
2021-ci il iyulun 1-nə “Unibank”ın kapitalı 97,332 milyon manat, nizamnamə kapitalı isə dəyişməyərək 125 milyon 686,36 min manat təşkil edir. Bankın illər üzrə yığılmış zərəri isə ötən altı ayda 112 min manat artaraq 36 milyon 368 min manat olub.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 915 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə azdır. “Unibank”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% çoxalaraq 72,921 milyon manat, xərcləri 29,4% çoxalaraq 60,942 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 8,063 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın banklarının TOP-10-na daxildir.