AFB-nin 8 milyon manat mənfəəti necə yarandı? - HESABAT
“Gilan Holdinq”in bankı kimi tanınan və sonradan bütün səhmləri fiziki şəxsin adına keçirilərək əl dəyişdirilən “AFB Bank” ASC-nin başının üstündən “qara buludlar” azalmır. Bank barədə gəzən müxtəlif şaiyələr nəticədə onun fəaliyyətində hələ də öz təsirini göstərir. Belə ki, bankın depozit portfelində davam edən “ərimə” artıq ciddi bir rəqəm ortaya qoyub. Depozitin azalması ilə yanaşı, bankın kredit portfeli də nəzərəçarpacaq dərəcədə kiçilib. Hərçənd bank bu rüb yüksək mənfəət açıqlasa da, bir neçə bankın sırasında bazarda qalma mücadiləsi göstərməkdə davam edir.
Kredit portfeli 69,3% kiçilib
Beləliklə, AFB bu ilin birinci rübündə akitvlərinin həcmini 259 milyon 397 min manat olaraq açıqladı. Bir il əvvəllə müqayisədə aktivlər 54,8% həcmində azalıb. Akitvlərin 121 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Bu aktivlərin 62,6% deməkdir. Son bir ildə Bankın kredit portfeli 69,3% kiçilib. Daşınmaz əmlak kreditləri istisna olmaqla, digər - biznes və istehıak kreditləri postfelində azalma tendensiyası davam edir. Bankın 56 milyon manat nağd pul vəsaiti var ki, bunun da bir hissəsi bloklanıb. 36 milyon manat həcmində isə ticarət qiymətli kağzılara malikdir.
Depozitlərin çıxarılması prosesi davam edir
Bu dövrdə “AFB Bank”ın öhdəlikləri 64,8% azalaraq 174 milyon 37 min manata düşüb. Azalma yuxarıda qeyd etdiyimiz kimi, əsasən depozit portfelinin hesabına baş verib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə deposit postfeli 76,9% azalaraq 89 milyon 731 milyon manat olub. Fiziki şəxslərin əmanətlərinin 13 milyon manatını geri çəkib, hüquqi şəxslərin hesabında isə 8 milyon manatlıq azalma var. Bankın kredit təşkilatları və digər maliyyə qurumlarından aldığı borcun həcmi 76 milyon manat təşkil edir, belə ki, ötən bir ildə 10 milyon 752 min manatını qaytarıb. Bankın nizamnamə kapitalı dəyişməyərək 70 milyon manat təşkil edir, balans kapitalı isə ötən dövrdə toplanan bölüşdürülməmiş mənfəət hesabına 8,7% artaraq 85,36 milyon manata çatıb. Bankın məcmu kapitalı 84 milyon 140 min manat, məcmu kapitalın adekvatlıq əmsalı isə yüksəkdir, 61.13% təşkil edir.
8 milyonluq mənfəət necə formalaşdı?
Bankın 2021-ci ilin yanvar-iyun ayları üzrə yekun açıqlamasına görə, mənfəəti 8 milyon 183 min manatdır. Yəni ötən ilin eyni dövründəkindən 2,5 dəfə çoxdur. Bankın ötən 6 ayda əməliyyat mənfəəti 2 milyon manatdan bir qədər çoxdursa, bu rəqəm necə formalaşıb?
Hesabata baxsaq, yanvar-iyun aylarında “AFB Bank”ın gəlirləri 10 milyon 423 min manat olub və illik müqayisədə 41,8% azdır. Bir faktı qeyd etmək kifayətdir ki, təkcə müştərilərə verilən kreditlər üzrə gəlirləri bir ildə 7 milyon 410 min manat azalıb. Xərcləri isə 7 milyon 937 min manat olub ki, bu da 17,8% azalmadan xəbər verir. Ancaq depozitlər üzrə faiz xərclərinə baxsaq bu rəqəm 297 mindən 112 min manata düşüb. Bank əsasən əmək haqqı və inzibati xərclərini də xeyli azaldıb. Nəticə etibarilə 2 milyon 486 min manat əməliyyat mənfəəti ortaya çıxır. Bank kreditlər üçün yaratdığı etiyatlardan 5 milyon 697 min manatını geri qaytaraq mənfəətinə əlavə edib və 8 milyondan yuxarı göstərici açıqlayıb. Başqa sözlə, bu həcmdə krediti "dirildib".
Qeyd edək ki, “AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.