Nazir Azərbaycan iqtisadiyyatının ÜDM-sini açıqladı
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 30-cu illik toplantısı keçirilib.
Plenar sessiyasında EBRD-yə üzv ölkələrin nümayəndələrinın çıxışları dinlənilib.
Tədbirdə çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin bankla əlaqələrin inkişafına önəm verdiyini, EBRD-nin hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayıb, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.
Nazir koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8 faiz, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb.
2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran M.Cabbarov bildirib ki, EBRD-nin “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və EBRD arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır.
Plenar sessiyada işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulmasında, bu ərazilərə əhalimizin böyük qayıdışının təmin edilməsində, nəqliyyat-tranzit, logistika, “yaşıl iqtisadiyyat” və bərpaolunan enerji sahələrində Azərbaycanla EBRD-nin əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Toplantıda EBRD-nin strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, maliyyə hesabatları dinlənilib, bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.