Sosial iqtisadiyyat

"Bu, qazın qiymətinin 2 dəfə bahalaşması deməkdir" - EKSPERT

Tarif Şurasının qazın qiyməti ilə bağlı yeni qərarı faktiki olaraq qazın 2 dəfə bahalaşması deməkdir. ENA.az xəbər verir ki, indiyə qədər əhali il ərzində 2 200 kubmetrə qədər təbii qazın hər kubmetrini 10 qəpiyə alırdı. Bundan sonra 1 200 kubmetri keçəndə hər kubmetrə görə 20 qəpik, 2 500 kubmetri keçəndə isə 25 qəpik ödəyəcək. Beləliklə, limitin 2 dəfə azaldılması isə faktiki qiymətlərin 2 dəfə qalxması deməkdir. 

SOCAR-ın arqument kimi əhalinin 51%-nin illik 1 200 kubmetri keçmədiyini vurğulaması isə ciddi arqument deyil. İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, bu yanlış fikirdir. Çünki abonentlərin 51%-i əhalinin 51% demək deyil. "Nəzərə almaq lazımdır ki, elə Bakı və Abşeronun özündə saycağlı kifayət qədər ev var ki, onlarda yaşayış yoxdur. Bundan əlavə, 1000 abonent ola bilər ki, orada 5 min əhali yaşasın və ya tərsinə. SOCAR-ın bu cür açıqlama ilə manipulyasiya etməsi düzgün deyil", - deyə R.Ağayev qeyd edib. 

Onun sözlərinə görə, bu qərar rayon və kəndlərdə yaşayan əhaliyə böyük problemlər yaradacaq. Çünki rayonlarda evlərin sahəsi çox böyükdür və isidilməsi kifayət qədər vəsait tələb edir. Bu limit isə həmin əhalinin xərclərini 2 dəfə artıracaq. Nəticədə əhali yenidən oduna keçəcək və Tarif Şurasını bu qərarı yenidən meşələrin qırılmasına yol açacaq. Bunun arzuolmaz nəticələrini biz vaxtilə yaşamışıq. "Azərqaz"ın hesabatlılığının şəffaf olmamasına diqqətçəkən ekspert qazın real qiymətinin formalaşması ilə bağlı rəqəmlərə şübhə ilə yanaşdığını vurğulayıb. 

Elektrikin qiymətində fərqli - gecə və gündüz tariflərinə gəlincə, bunu müsbət qarşıladığını qeyd edən R.Ağayev həmin vaxtlar üzrə enerji sərfiyyətını ölşməyin mümkün olduğunu söylədi: "Hazırki sayğac sistemi buna imkan verir, çünki sayğacların elektron yaddaşında sərf edilən enerjinin vaxtı əksini tapır. Bu məlumatlar birbaşa sistemə daxil olduğundan tariflərin tətbiqi mümkündür". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)