BİZNES

ASK-nın Çindəki nümayəndəsi: “Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını brend etmişik”

Azərbaycan Sahibkarlar Konfederasiyasının Çin Xalq Respublikasındakı nümayəndəsi Vaqif Mirişovun bu ölkədə “Made in Azerbaijan” brendinin tanıdılması və bazarda layiqli yer tutmasında xüsusi əməyi var. V.Mirişov həmçinin Qarabağ, Şuşa, Xarı Bülbül brendlərinin mənfur qonşularımızın əlinə keçməsinin qarsısını alaraq, onları brendləşdirib. Beləliklə, ermənilər qondarma “Şuşi” adı ilə belə Çin bazarına girə bilməzlər. Bu fəaliyyətinə görə Azərbaycan Sahibkarlar Konfederasiyası Vaqif Mirişovu “Fəxri Fərman”la təltif edib.

- Bəzi ölkələrdə artıq sərhədlər qismən də olsa açılmağa başlayır. Çinə biznes səfərlərinin də yaxın vaxtlarda bərpa olunması gözlənilir. Hazırda Azərbaycandan Çinə nə ixrac edirik, Çində daha çox hansı məhsullarımız alıcı tapa bilib?

- Pandemiya vaxtı Çində demək olar ki, hər yer o cümlədən, sərhədlər bağlandı. Amma Azərbaycan və Çin əlaqələri yüksək səviyyədə olduğuna görə ölkəmizdən gedən, yaxud Çindən gələn yüklər dayanmadı. Həmçinin, Azərbaycan artıq Çin bazarında öz brendlərilə fəal şəkildə iştirak edir.  Qarabağ, Xarı Bülbül, Şuşa, Babək adlarını ingilis, rus və azərbaycan dillərində brend eləmişik. Yəni, o adlarla başqa biznes bazara girə biməz. Məsələn, Şuşanı rus dilində də brend eləmişəm. Onlar gedib Şuşanı “Şuşi” adı ilə belə brendləşdirə bilməzlər. Çin heroqrifləri bircə “i” hərfini dəyişərək yeni ad yaratmağa imkan vermir. Azərbaycanın diplomatik nümayəndəliyi də Çində daha çox aktivdir və brendləşmədəki fəaliyyətimə yüksək qiymət veriblər. Ümumiyyətlə, Azərbaycandan olan nümayəndələrin iştirak etdiyi məclislərə ermənilər yaxın gələ bilmirlər, çünki öz yalanlarını danışa bilməyəcəklərindən çəkinirlər.

- Azərbaycana maraq necədir, xüsusən də Çin iş adamları ölkəmizə investisiya yatırmaq barədə Sizə müraciət edirlərmi?

- Bəli, Çindən bura gəlmək istəyən iş adamları həddindən artıq çoxdur. Artıq onların Azərbaycanda hansı işləri görə biləcəyi, hansı sahələr üzrə zavodlar aça biləcəyi imkanları araşdırılıb. Azərbaycanda əsasən inşaat materiallarının istehsalına üstünlük verirlər. Eyni zamanda qonşu bazarlara çıxmaq üçün Azərbaycanı mərkəzi baza qismində dəyərləndirirlər.

- Əslində ölkəmizdə mərkəzi bazanın yaradılması təklifi kifayət qədər ağlabatandır. Məsələn mebel istehsalını götürsək, Türkiyə, Gürcüstan, Ermənistan istehsal üçün materialları və bəzi hissələri tam olaraq Çindən alır. Bu baxımdan Azərbaycan yeni logistika imkanları qazanacaq…

- Bəli, bizim fikrimiz odur ki, Azərbaycanda baza yaradılsın və buradan mallar bütün qonşu dövlətlərin bazarına məhz bizim sahibkarların xətti ilə getsin.

- Vaqif müəllim, Siz hal-hazırda hava yolu vasitəsilə idxal-ixrac əməliyyatları edirsiniz? Qədim İpək Yolunun üzərində qurulan yeni xəttə görə, yüklərin 12-14 günə Çinə çatdırılması mümkündür. Bu xəttdən istifadə etməyi planlaşdırırsınızmı?

- Biz hal-hazırda gəmi vasitəsilə idxal-ixrac əməliyyatlarını həyata keçiririk. Bakı-Sian xətti açılıb və bu xətt 14-15 günə malların ölkəmizə gətirilməsinə imkan verir. Qismət olsa, biz də artıq malları Bakı-Sian xətti ilə vurmaq istəyirik. Həm ucuz başa gəlir, həm də daha tez çatır.

- Tarif baxımından nə qədər sərfəlidir?

- Deməli, Çindən Azərbaycana 2500 dollara gəlib çıxan mal yeni Bakı-Sian xətti ilə 1300 dollara çatır. Üstəlik, dəniz yolu ilə 45 günə gələn yükün Bakı-Sian xətti ilə daşınması cəmi 14-15 gün vaxt aparır. Xoşbəxtik ki, möhtərəm Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımız işğaldan azad olundu. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi şəkildə işlər aparılır. Bu dəhlizin açılması Bakı-Sian xəttinin səmərəliliyini daha da yüksəldəcək.

- Növbəti sualım təhsil ilə bağlıdır. Necə edək ki, Azərbaycandan Çinə təhsil almağa gedən tələbələrin sayı artsın? Çünki, gələcəkdə iqtisadi cəhətdən Çin dilini bilən mütəxəssislərə ehtiyac artacaq, məlumdur ki, gələcək iqtisadiyyat Çinlə bağlıdır.

- Tamamilə doğrudur. Gələcəklə bağlı proqnozlar göstərir ki, Çində iqtisadiyyat daha sürətlə inkişaf edəcək. Bütün dünya ölkələrində Çin dilini öyrənməyə üstünlük verirlər. Məlumdur ki, Avropa ölkələrində əmək qabiliyyətli insanların yüklülüyü yaşlı insanların sayını keçib. Digər ölkələrdən gələn miqrantlar da əmək bazarına təsir edir. Genişlənən bazar Çin bazarıdır, amma bizimkilər daha çox Avropa bazarına üz tutur. Avropa artıq öz bazarlarına deyil, Çinə, Hindistana investisiya edir. Beynəlxalq bizneslə əlaqədar hesabatlara baxsaq, biznesmenlərin böyük əksəriyyəti pulunu Çindən qazanır. Bu isə onu göstərir ki, Çində həm işçi qüvvəsi, həm də mütəxəssislər çoxalır. Nəticə çıxarmalıyıq ki, biz onların mədəniyyətini, dilini öyrənməliyik və bu sahədə bizim təhsil sistemi də fəal olmalıdır. Müqayisə üçün deyim ki, Gürcüstan şirkətləri Çində çox aktivdirlər, böyük şərab evlərinə malikdirlər. Həmin ticarət evlərində gürcü mütəxəssislər özləri çin dilində danışır və öz ölkələrinin təbliğatını daha düzgün aparırlar. Biz isə məcbur olub çinlini götürürük, həmin şəxs də bizi özümüz kimi tanıya, sevə bilməz axı. Bu isə əlbəttə aparılan təbliğatın səviyyəsinə təsir edir. Gələcəyi düşünək, Şuşada, Qarabağda turizm yerləri açılanda bizdə çin dilində bilənlərin çatışmazlığı yaranacaq. Hesab edirəm ki, bununla bağlı indidən fəaliyyətimizi artırmalıyıq.

- Sahibkarlarımız üçün maraqlı ola biləcək bir məlumatı Sizdən eşitmək istərdik. Çin bazarı üçün hansı məhsullarımız maraqlıdır?

- Bu gün şərablarımız Çin bazarında məşhurlaşır. Ümumiyyətlə, spirtli içkilər bazarı çox böyükdür. Eyni zamanda nardan hazırlanan məhsullarımız artıq məşhurlaşır. Qeyd edim ki, bu gün dünyada, o cümlədən Çində orqanik məhsullara böyük tələbat yaranıb. Ona görə də bu məhsullarımızla bazara girmək daha asan ola bilər. Bu məsələlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi kimi sahibkarlarımıza dəstək verməyə hazırıq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)