Bank

Neft Fondunun dolları satılmır, əhali isə dollar ala bilmir: SƏBƏBLƏR

Son dövrlər banklara valyuta satışına qadağa qoyulması ilə bağlı söhbətlər dolaşır. Bununla paralel həftəlik banklara satılan dolların həcmində azalmanın şahidi oluruq. ENA.az-ın sualını cavablandıran Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, bankların irəli sürdüyü tələblərə uyğun olaraq valyuta satışı tam təmin edilir. Və hazırda Azərbaycan Neft Fondunun bazara çıxartdığı valyutanın 140 milyon dollara qədər hissəsi satılmayıb.

Bu halda vətəndaşların nağd valyuta alışına 20 min manat məbləğində məhdudiyyətin qoyulması ilə bağlı tələbə gəldikdə isə Mərkəzi Bankın açıqlamasına görə, bu bankların daxili nəzarət sistemilə əlaqədardır. Başqa sözlə desək, vətəndaş almaq istədiyi vəsaitin necə əldə olunması ilə bağlı məlumatlar təqdim etdikdə banklar bu əməliyyatları icra edirlər, əks halda imtina edirlər.  

Açıqlamalardan həm də belə məlum oldu ki, bu məhdudiyyətlər qara bazara xidmət edən əməliyyatlardan bankları çəkindirmək məqsədi də daşıyır. Yəni, bank həmin pulun mənbəyini rəsmi şəkildə görmədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq bu əməliyyatların aparılmasından imtina edirlər.

Məlumdur ki, Dövlət Neft Fondu valyuta vəsaitlərini sataraq büdcə qarşısında köçürmə öhdəliyini icra edir. Bu halda həmin vəsaitləri Mərkəzi Bankın alıb-almadığına dair sualımızın cavabı isə bu oldu ki, belə bir əməliyyatlar həyata keçirilmir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)