Sosial iqtisadiyyat

50 qanuna dəyişiklik edilir

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.

"ENA" xəbər verir ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 qanun layihəsi daxildir.

Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.

Qanun layihələri barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, ümumilikdə gündəlikdəki 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir.

Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbul edilməsi təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişiklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “Səhiyyə orqanları” sözləri “müvafiq icra halimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)