Həbs edilən generallar Eldar Mahmudovun ən yaxın kadrlarıdır
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Bu məqamda həbs edilən generallarla bağlı məlumatları təqdim edirik.
Mövlan Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi olub. 1958-ci ildə Ağdaşda anadan olan general bu posta məhz ləğv edilmiş MTN-nin sabiq rəisi Eldar Mahmudov tərəfindən gətirilib.
Maraqlıdır ki, general-mayor Mövlan Şıxəliyev bundan öncə də hüquq-mühafizə orqanlarında çalışıb. Lakin o, işində yol verdiyi nöqsanlara görə bir neçə dəfə tutduğu vəzifədən kənarlaşdırılıb. M.Şıxəliyev sonuncu vəzifəsinədək hüquq-mühafizə orqanlarında iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində əməliyyat müvəkkili olub. Mövlan Şıxəliyev barədə dövrü mətbuatda kifayət qədər şikayət məktubları işıqlandırılıb. O, daha çox vətəndaşlardan, xüsusən də iş adamlarını "ilişdirməkdə", onlardan bu səbəbdən rüşvət almaqda ittiham edilir.
Fotoda Mövlan Şıxəliyev
Həbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Talış oğlu Şirinovdur.
Mövlan Şıxaliyev kimi Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Maraqlıdır ki, Nizami Şirinov daha öncə də, MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb.
Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.
Nizami Şirinovun da adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirdi. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib.
Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrlar, zabitlər də işdən əssasız yerə işdən uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizlərində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.
Qeyd edək ki, Nizami Şirinovun özü də 2015-ci ildə MTN-lə vidalaşmalı olub. Onun işdən uzaqlaşdırılması ilə bağlı həmin vaxt MTN-nin birinci müavini olan Mədət Quliyev əmr imzalayıb. N.Şirinovun yerinə isə Hafiz Musayev gətirilib.