Koronavirusun “Britaniya” ştammı nədir: fərqli və oxşar cəhətləri
Bir ildən çoxdur Yer kürəsi yeni növ koronavirus (COVID-19) ilə pandemiyası ilə mübarizə aparır. Lakin bu savaş hələ tam başa çatmamış virusun mutasiya olunmuş daha təhlükəli ştammının qeydə alındığı barədə məlumatlar yayıldı.
ENA.az xəbər verir ki, koronavirusun “Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb.
Bu virus əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, yeni ştamda iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir. Təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib. Yoluxanların çoxunda bu üç simptomdan ən azı biri aşkarlanıb.
Tədqiqatlar zamanı 2020-ci il noyabrın ortalarından 2021-ci il yanvarın ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb.
Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupda 35 faiz öskürəkdən, 32 faiz yorğunluqdan, 25 faiz əzələ və ümumən bədəndəki, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.
Müəyyənləşdirilib ki, xəstələrin 16 faizində dadbilmə, 15 faizində isə iybilmə qabiliyyəti itib. Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.
İngiltərədə aparılan son elmi tədqiqatda isə göstərilir ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı SARS-CoV-2-in yoluxdurma əmsalından minimum 35 faiz daha böyükdür. Eyni zamanda mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir.